Ekoloji mühit amillərinin qərzəkli meyvə bitkilərinin inkişafına təsiri

 

EKOLOJİ MÜHİT AMİLLƏRİNİN ŞƏKİ-ZAQATALA BÖLGƏSİNDƏ BECƏRİLƏN QƏRZƏKLİ MEYVƏ BİTKİLƏRİNİN (FINDIQ, YUNAN QOZU, ADİ ŞABALID) İNKİŞAFINA TƏSİRİ

pdf yüklə

INFLUENCE OF ECOLOGICAL ENVIRONMENTAL FACTORS ON THE DEVELOPMENT OF NUT-BEARING FRUIT PLANTS (HAZELNUT, WALNUTS, CHESTNUTS) CULTIVATED IN THE SHEKI-ZAGATALA REGION

Nərgiz Abdullayeva Musa 

Nargiz Abdullayeva Musa

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Zaqatala Dayaq Məntəqəsi, Zaqatala şəhəri, Azərbaycan Respublikası, nargizabdullayeva6886@gmail.com

Aqrar elmləri üzrə fəlsəfə doktoru

ORCİDiD:0009-0006-6749-617X

 

Xülasə: Azərbaycanın Respublikasının Şəki-Zaqatala bölgəsində qərzəkli meyvə bitkilərinin  becərilməsi üçün olduqca əlverişli torpaq-iqlim şəraiti mövcuddur.  Bölgəmizdə illik yağıntının miqdarı 643-1200 mm-dən artıq olur. Ona görə də, rütubətli iqlim səbəbindən, bitkilərdə göbələk və bakterial xəstəlikləri daha çox müşahidə edilir. Tədqiqatın məqsədi, bölgəmiz üçün xas olan qərzəkli meyvə bitkilərinin, xarici mühit amillərinin mənfi təsirinə daha davamlı mövcud sort və formaların aşkarlanması, yeni sortların introduksiya edilməsi və qiymətləndirilməsi, bitki mühafizəsi sahəsində, fermerlər, fərdi təsərrüfatçılarla maarifləndirmə işlərini genişləndirilməsi və məhsuldarlığın və məhsulun keyfiyyətini artırmaq, sağlam və ekoloji təmiz məhsul əldə etmək  imkanlarının artırılması məqsədilə tövsiyələrin verilməsidir. Son illər qərzəkli meyvə bitkilərinin (fındıq, yunan qozu, şabalıd) kütləvi surətdə, xəstəlik və zərərvericilərə sirayətlənməsi müşahidə edilir.  Fındıq bitkisində qəhvəyi mərmər bağacığı (Halyomorpha halys) zərərvericisi və məhsulunda Asperqillus flavus və Asperqius parastikus adlı kif göbələklərinin əmələ gəlməsi nəticəsində, aflotoksinin əmələ gəlməsi, yunan qozu bitkisində, törədicisi Xanthomonas arboricola pv.juglandis bakteriyası olan bakterioz və qonur ləkəlilik (Marssonina juglandis) göbələk xəstəliyinə çox təsadüf edilir. Şabalıd bitkisində isə gövdə yanığı və ya şabalıd xərçəngi (Cryphonectria parasitica), kök çürüməsi (Phytophthora sp.) xəstəlikləri və  Dryocosmus kuriphilus zərərvericisinin sürətlə yayılması qeydə alınmışdır. Bu xəstəlik və zərərvericilər ilə mübarizə, ancaq bitki mühafizəsi tədbirlərinin kompleks şəkildə və kütləvi olaraq tətbiq edilməsi şəraitində müsbət nəticə verə bilər.

 

Abstract: The Sheki-Zagatala region of the Republic of Azerbaijan has very favorable soil and climatic conditions for the cultivation of nut crops. In this region, the annual rainfall exceeds 643-1200 mm. Due to the humid climate, fungal and bacterial diseases are more commonly observed in plants. The aim of the research is to identify existing varieties and forms of nut crops that are more resistant to the negative effects of environmental factors specific to our region, to introduce and evaluate new varieties, expand awareness efforts with farmers and individual producers in the field of plant protection, and provide recommendations for increasing productivity and product quality, as well as obtaining healthy and ecologically clean products. In recent years, the widespread infection of nut crops (hazelnut, walnut, chestnut) by diseases and pests has been observed. In hazelnut plants, the pest Halyomorpha halys and the formation of molds Aspergillus flavus and Aspergillus parasiticus in the product, leading to aflatoxin production, are frequently encountered. In walnut plants, bacterial blight caused by Xanthomonas arboricola pv. juglandis and the fungal disease brown spot (Marssonina juglandis) are common. In chestnut plants, stem canker or chestnut blight (Cryphonectria parasitica), root rot (Phytophthora sp.), and the rapid spread of the pest Dryocosmus kuriphilus have been recorded. The fight against these diseases and pests can only yield positive results if plant protection measures are applied in a comprehensive and mass scale.

 

Açar sözlər: ekoloji amillər, fındıq, yunan qozu, şabalıd, xəstəlik və zərərverıcılər.

Keywords: ecological factors, hazelnut, walnut, chestnut, diseases and pests.

 

Giriş

Azərbaycan Respublikasının Şəki-Zaqatala bölgəsində əsas yerlərdən birini tutan qərzəkli meyvə bitkiləri çox böyük əhəmiyyətə malikdir. Belə ki, bu bitkilər qiymətli qida məhsulu olmaqla yanaşı, qənnadı sənayesində əsas xam-mal mənbəyidir. Mebel sənayesində geniş istifadə olunur, təbabətdə ürək-damar xəstəliklərinin müalicəsində əvəzolunmazdır. Qərzəyin külündən barıt istehsalında, yonqarından şərabçılıqda, fındıq qabığından isə yanacaq kimi geniş istifadə edilir. Eləcə də, məhsulu əhalinin əsas gəlir mənbəyidir [5,s.98-102; 10, s.137].

Qərzəkli meyvə bitkilərinin meyvələrinin tərkibi olduqca zəngindir ( 40-75% yağlar, 17-25% zülallar, 3-8% sulu karbonlar, A,D,E vitaminləri, nişasta) və ləpəsi olduqca yüksək koloriyə malikdir. Həmçinin nəqliyyat və uzun müddət saxlanmaya olduqca davamlı olduğuna görə istehsalının artırılmasına zərurət yaradır [1,s.8; 4,s.89-91;].

Dövlət Statistika Komityəsinin 2023-cü il üçün məlumatına əsasən, Azərbaycan respublikası üzrə fındıq bitkisinin (Corylus avellana) əkin sahəsi cəmi 81800 ha, istehsalı 75410 ton,  ən yüksək göstərici  Şəki-Zaqatala bölgəsində 57212 ha,  müvafiq olaraq 56580 ton təşkil edir. Respublikamız üzrə ikinci yerdə Quba-Xaçmaz iqtisadi rayonu olmaqla, əkin sahəsi 20925 ha, istehsalı isə 13715 tondur. Yunan qozu (Juglans regia) bitkisinin Respublikamız üzrə əkin sahəsi cəmi 6763 ha, istehsalı 14344 ton,  ən yüksək göstərici  Şəki-Zaqatala bölgəsində 2750 ha,  müvafiq olaraq 4843 ton təşkil edir. Respublikamız üzrə ikinci yerdə yenə də Quba-Xaçmaz iqtisadi rayonu olmaqla, əkin sahəsi 1325 ha, istehsalı isə 1748 tondur. Adi şabalıd (Castanea sativa) bitkisinin Respublikamız üzrə əkin sahəsi cəmi 296 ha, istehsalı 588 ton, o cümlədən ən yüksək göstərici  Şəki-Zaqatala bölgəsində 259 ha, müvafiq olaraq 528 ton təşkil edir [11].  

Hazırda respublikamızda ekoloji mühitin pozulması, meşələrin, çəmənlərin, kənd təsərrüfatına yararlı torpaqların azalması, bəzi yerlərdə tamamilə sıradan çıxarılması, Kür, Araz və digər çayların, Xəzərin, torpağın, havanın çirklənməsi, bir sıra bitki və heyvan növlərinin bioloji müxtəlifliyinin pozulması və ya azalması müşahidə edilir ki, bu problemlər bu gün üçün olduqca aktualdır [6,s.12].  

Mühitin orqanizmlərə təsir göstərən ayrı-ayrı xassələri və ya elementləri ekoloji faktorlardır ki, bunlar da olduqca müxtəlifdir. Ekoloji faktorlar: abiotik, antropogen və  biotik olmaqla, əksəriyyəti vaxta görə keyfiyyətcə və kəmiyyətcə ilə görə dəyişir. Abiotik faktorlar (quraqlıq, şaxta) bütün qeyri-üzvi mühit faktorların məcmusunu təşkil edib bitki və heyvanların həyatına və yayılmasına təsir göstərir. Həmçinin torpağın temperaturunun, rütubətliliyinin, strukturunun, humusun miqdarının, bitkinin böyümə və inkişafına təsiri olduqca böyükdür. Antropogen faktorlar, insan cəmiyyətinin fəaliyyət forması olub, canlı orqanizmlərin həyatına birbaşa və ya dolayısı ilə yaşayış mühitinə bilavasitə təsir göstərir. Biotik faktorlar canlı orqanizmlərin bir-birinə təsir formasıdır ki, digər canlıların, bitki, heyvan, mikroorqanizmlərə təsir göstərir, qarşılıqlı əlaqələri biosenozların və populyasiyaların mövcudluğunun əsası hesab olunur [8,s.12-13] .

Azərbaycanın Respublikasının Şəki-Zaqatala bölgəsində digər meyvə bitkiləri ilə yanaşı, qərzəkli meyvə bitkilərinin də becərilməsi üçün olduqca əlverişli torpaq-iqlim şəraiti mövcuddur.  Bölgədə əsasən boz, çəmən, şabalıdı, dağ-çəmən, qonuq dağ-meşə, qəhvəyi dağ-meşə torpaqlarıdır. Bu torpaqlar əkin üçün yararlı olub, yüksək su keçiricilik qabiliyyətinə malikdir. Torpağın mexaniki tərkibi orta gillicə, humus qatının qalınlığı 25-35 sm, karbonatlı torpaqlarda pH 7, karbonatsız torpaqlarda isə pH 5,5 olur [3,s.145-150].

Bölgə yarımrütubətli subtropik iqlimə malik olub, illik yağıntıların miqdarı 684-908 mm arasında dəyişir, dağlıq hissəsində isə miqdarı 1200 mm, bəzi illərdə isə daha artıq olur. İllik yağıntı Zaqatala rayonunda 903 mm, Balakən rayonunda 720 mm, Şəki rayonunda 684 mm, Qax rayonunda 710 mm, Qəbələ rayonunda 760 mm təşkil edir. Bölgədə illik yağntının miqdarı il ərzində düzgün paylandığına görə, kənd təsərrüfatı bitkilərinin normal böyüməsi və inkişafı üçün əlverişli şərait mövcuddur. Zaqatala rayonunda illik yağntının 643 mm-i və ya 71,2 %-i aprel ayından başlayaraq sentyabır ayınadək olan dövrə təsadüf edir. Buna görə də vegetasiya dövründə bitkilər təbii rütubətlə təmin olunduqlarından sahələri süni olaraq bir neçə dəfə suvarmaq kifayət edir. Bölgə Şimal cəhətdən Böyük Qafqaz sıra dağları ilə əhatə olunduğundan, yüksəkliyə qalxdıqca hava soyuyur və su  buxarı kondensasiyaya uğrayaraq ardı kəsilməyən yağışların yağmasına səbəb olur. Ona görə də rütubətli iqlim səbəbindən bu bölgədə, bitkilərdə göbələk və bakterial xəstəlikləri daha çox müşahidə edilir [2,s.429-430; 7, s.145; 9,s.197-198].

 

Tədqiqatın məqsədi

Bölgəmiz üçün xas olan fərdi təsərrüfatlarda və təbii halda dağətəyi zonalarda meşə zolaqlarında bitən, əhalinin əsas gəlir mənbəyi olan qərzəkli meyvə bitkilərinin, xarici mühit amillərinin mənfi təsirinə daha davamlı mövcud sort və formaların aşkarlanması, yeni sortların introduksiya edilməsi və qiymətləndirilməsi, bitki mühafizəsi sahəsində, fermerlər, fərdi təsərrüfatçılarla maarifləndirmə işlərini genişləndirilməsi və məhsuldarlığın və məhsulun keyfiyyətini artırmaq, sağlam və ekoloji təmiz məhsul əldə etmək  imkanlarının artırılması məqsədilə tövsiyələrin verilməsi tədqiqatın məqsədidir.

 

Məsələnin qoyuluşu və həlli üsulları

Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun Zaqatala Dayaq Məntəqəsində 100-dən artıq fındıq sortu genofond olaraq kolleksiya bağında qorunub saxlanılır. Burada 18 xalq seleksiyası, 14- İnstitutun seleksiya sortları, 16-Avropa mənşəli, 3- Şimali Qafqaz, 3 – Türkiyə, 1- Ukrayna, 8- Gürcüstan, 15-ABŞ-dan, 8- İİR-dan, 3 İtaliyadan və s. introduksiya edilmiş sortlar üzərində sortöyrənmə və seleksiya işləri icra edilir. Respublikamızda becərilən fındıq sortlarının 90%-ni üstün keyfiyyəti və zəngin dadına görə Atababa sortu təşkil edir. Bundan əlavə: Qalib, Saçaxlı, Qızıl, Gəncə, Barlı, Elbarı, Zaqatala, Pərzivan zərifi, Oğuz-5, Qəbələ-68, Ataulla, Aslanbaba, Topqara, İri çatax kimi, yüksək ləpə çıxımına və keyfiyyətlə malik sortlar da becərilir.  

Azərbaycan dünya fındıq ixracında Türkiyə, Çili və İtaliyadan sonra 4-cü yeri tutur. Azərbaycanda əsasən 39 şirkət fındıq ixrac edir. Onların  34-nün illik ixracı 120 min ABŞ dollarından üstündür. Hazırda əsasən Rusiya, Almaniya, İtaliya və İsveçrəyə, Belçika, Estoniya və İsrail kimi ölkələrə ixrac olunur.

Son illər qərzəkli meyvə bitkilərinin (fındıq, yunan qozu, şabalıd) kütləvi surətdə, xəstəlik və zərərvericilərə sirayətlənməsi müşahidə edilir.  Fermer və fərdi təsərrüfatlarda fındığın qəhvəyi mərmər bağacığı (Halyomorpha halys) zərərvericisi və məhsulunda Asperqillus flavus və Asperqius parastikus adlı kif göbələklərinin əmələ gəlməsi nəticəsində, insan üçün zəhərli maddə olan aflotoksinin (ləpənin çürüməsi) əmələ gəldiyi aşkar edilmişdir. Həmçinin yunan qozu bitkisində,   törədicisi Xanthomonas arboricola pv.juglandis bakteriyası olan bakterioz və qonur ləkəlilik (Marssonina juglandis) göbələk xəstəliyinə çox təsadüf edilir. Şabalıd bitkisində isə gövdə yanığı və ya şabalıd xərçəngi (Cryphonectria parasitica), kök çürüməsi (Phytophthora sp.) xəstəlikləri və  Dryocosmus kuriphilus  və ya qal arıları zərərvericisinin sürətlə yayılması qeydə alınmışdır.

Fındıq bitkisinin qəhvəyi mərmər bağacığı (Halyomorpha halys) zərərvericisinin 1 dişi fərdi 300-ə qədər yumurta qoyur. Bu həşəratlar əhalinin yaşayış məntəqələrinə daha yaxın yerlərdə qışlamağa meyilli olduğuna görə, passiv inkişaf  dövrlərində (oktyabr ayından fevral ayınadək) mexaniki mübarizə üsulu tətbiq edilərək, əl ilə yaşayış məntəqələrindən toplanaraq həşəratlar məhv edilir. Bu mübarizə üsuliu,  Zaqatala Dayaq Məntəqəsinin, Aqrar Xidmət Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin əməkdaşları və yerli əhali tərəfindən icra edilir. Havalar  istiləşdikdən sonra, aprel ayından başlayaraq, zərərvericilərin inkişafı üçün optimal temperatur 18-250 C olduqda, həşəratların aktiv dövrü zamanı uçmağa başlayırlar ki, bu zaman kimyəvi mübarizə üsulu olaraq insektisidlər  (Deltametrin, Şaulin ) tətbiq edilir və paralel olaraq aldadıcı tələlərdən də istifadə edilir.

Gündəlik həyatımızda tez-tez rast gəlinən və demək olar ki, bütün növ ərzaq məhsullarında yarana bilən kiflər (funquslar) son zamanlar çox ciddi tədqiqat mövzusuna çevrilmişdir. Kif göbələkləri fındıq məhsulunun ləpəsində zülali maddələrin parçalanmasına və tərkibinin dəyişərək məhsulun çürüməsinə və nəticədə toksinli maddələrin  yaranmasına səbəb olur. Fındıq məhsulunda Asperqillus flavus və Asperqius parastikus adlı kif göbələkləri, insan üçün zəhərli maddə olan aflotoksini əmələ gətirirlər. Bunun üçün əkin materialından bağın salınmasından başlayaraq, bütün aqrotexniki tədbirlər düzgün aparılmalıdır. Belə ki, qərzəkli məhsulun tığlarda qalın yığılması, vaxtında qarışdırılaraq qurudulmaması, qərzəkdən vaxtında təmizlənməməsi, qabıqlı fındığın nəmliyinin 6%-dək qurudulması, həmçinin torpaqları analiz etmədən yüksək səviyyədə mineral gübrələrin verilməsi bu problemlərin yaşanmasına səbəb olur. Bölgəmizdə həmçinin heyvandarlıq da inkişaf etdiyinə görə, tərəfimizdən üzvi gübrələrdən (əsasən peyin) daha çox istifadə edilməsi, fermerlərə və fərdi təsərrüfatlara tövsiyə edilir.

Qərzəkli meyvə bitkilərindən olan Yunan qozunun MvəÇETİ-nin Zaqatala Dayaq Məntəqəsində  46 sort və formadan ibarət kolleksiya bağı mövcuddur. Burada  xalq və seleksiya nəticələri olaraq, 70% -dək yüksək yağlılığa malik Zaqatala, Tala, İlqar, Faldar, Nailə, Camal, Yaqub, Yumru sortları becərilir. Qoz bağları əsasən yol kənarlarında alleya şəklində və fərdi təsərrüfatlarda becərilir. Müşahidələr nəticəsində son illər bu bitkinin meyvələrində bakterioz (Xanthomonas arboricola pv.juglandis) və qonur ləkəlilik (Marssonina juglandis) göbələk xəstəliyinin yayılması qeydə alınmışdır. Bu xəstəliklər zamanı, meyvənin tam yetişmə zamanı sirayətlənməsi və kütləvi şəkildə tökülməsi müşahidə edilir. Bu da, məhsuldarlığın nəzərə çarpacaq dərəcədə aşağı düşməsinə və meyvələrin keyfiyyətsiz olmasına səbəb olur. Belə bağlarda sanitar budamanın aparılması və ya bordo mayesi, mis kuporosu əhənglə suya qatılaraq, çiləmə tətbiq edilir.

Adi şabalıd bitkisi əsasən Böyük Qafqaz sıra dağlarının Cənub yamacında yerləşən rayonların dağətəyi, əsasən Car, Yuxarı Çardaxlar, Meşleş kəndlərində,  fərdi təsərrüfatlarda: Aşlıq, Xanlıq, Car, Barquhava, Faraş, Azəri, Tarixlər, Hama subuli, Kihili subuli, Ayı pəncəsi  sortları becərilir.

Son 15 idlə bölgəmizdə yayılan şabalıdın gövdə yanığı və ya şabalıd xərçəngi  (Cryphonectria parasitica) və kök çürüməsi (Phytophthora sp.) xəstəliklərinin, həmçinin kütləvi şəkildə Dryocosmus kuriphilus  və ya qal arıları zərərvericisinin sürətlə yayılması səbəbindən məhsuldarlığın kəskin şəkildə aşağı düşməsi müşahidə olunmuşdur.

Belə ki, 2013-cü ildə Respublikamız üzrə əkin sahəsi 547 ha, o cümlədən Şəki-Zaqatala bölgəsi üzrə 545 ha olduğu halda, 2023-cü ildə bu rəqəm 296 ha-259 ha olmuşdur. Məhsul istehsalı isə 2013-cü ildə Respublikamız üzrə 1937 ton, o cümlədən Şəki-Zaqatala bölgəsi üzrə 1876 ton olduğu halda,  2023-cü ildə bu rəqəm qeyd etdiyimiz kimi,  588 ton -528 ton təşkil etmişdir. 10 il ərzində şabalıd bitkisinin Respublikamız üzrə əkin sahəsi 251 ha, Şəki-Zaqatala bölgəsi üzrə286 ha, məhsul istehsalı isə 1349 ton- 1348 ton olmaqla kəskin azalmışdır.

2019-cu ildən etibarən kütləvi şəkildə Dryocosmus kuriphilus və ya qal arıları zərərvericisinin sürətlə yayılması səbəbibndən, sirayətlənmə 10-15% təşkil edirdisə, hal-hazırda Zaqatala rayonu Car kəndində mövcud şabalıd ağaclarının 80%-nin məhv olduğu  müşahidə edilmişdir. Əfsuslar olsun ki, bitki mühafizəsi tədbirlərinin şabalıd ağacına tətbiq edilməsi olduqca çətindir. Belə ki, ağaclar həddindən artıq hündür olduğuna görə  fərdi təsərrüfatlarda mexaniki, kimyəvi mübarizə tədbirlərinin aparılması mümkün deyildir. Hal-hazırda bitkilərə qismən tətbiq edilən mübarizə tədbirləri: aqrotexniki və mexanikidir: budama, seyrəltmə və cavanlaşdırma tədbirləri, xəstə və ya zərərvericilərlə sirayətlənmiş budaqcıqların və ya əmələ gəlmiş fırların qırılıb atılmasıdır.

Bu zərərvericilər, 1941-ci ildən etibarən mənbəyi Çindən başlayan, dünyanın bir çox dövlətlərində: Yaponiya, Koreya, İtaliya, Fransa, Sloveniya, Xorvatiya, Niderland, İsveçrə, Rusiya, Türkiyədə kütləvi yayılmışdır. 1 qal arısının 150 ədəd yumurta qoyduğu və əkin materialı (ting) ilə yayılması müəyyən edilmişdir.

Son illər İtaliya, Rusiya və Türkiyə dövlətləri tərəfindən bu zərərvericiyə qarşı bioloji mübarizə tətbiq edilir. 2024-cü ilin aprel ayından etibarən, Türkiyənin Orman Genel Müdürlüyünün Ormancılık Karantin şöbəsinin müdiri Özgür Toprakın rəhbərliyi ilə qal arılarına qarşı Türkiyədə aparılan bioloji mübarizə olaraq Torymus sinensis həşəratından istifadə edilməklə, bölgəmizdə də, bu zərərvericilərə qarşı bioloji mübarizə tətbiq edilmişdir.  Dünya təcrübəsinə əsaslanaraq, deyə bilərik ki, bioloji mübarizə üsulundan müsbət nəticə əldə edilməsi üçün bir neçə il tələb olunur.

 

Nəticə

Respublikamızda Aqrar Xidmətlər Agentliyinin, Aqrar Subsidiya Şurası tərəfindən bitki mühafizəsi məqsədilə hər il subsidiyalar ayrılır. Bu xəstəlik və zərərvericilər ilə mübarizə,  ancaq bitki mühafizəsi tədbirlərinin kompleks şəkildə və kütləvi olaraq tətbiq edilməsi şəraitində müsbət nəticə verə bilər.

 

Ədəbiyyat siyahısı:

  1. Bayramova D.B., Əhmədi P.H., Sultanov İ.M. Qərzəkli meyvə bitkiləri. Bakı,“Təknur MMC” nəşriyyatı, 2010, s.8.

2.      Həsənov Z.M., Əliyev C.M. Meyvəçilik. “MBM”MMC nəşriyyatı, Bakı, 2011. səh. 429-430.

3.      Qurbanov İ.S, Sadıqov Ə.N., Sadıqova N.M.,  Əliyev F.Q., Süleymanova S.C. Meyvə bağlarında xəstəlik və zərərvericilərə qarşı inteqrir mübarizə tədbirləri. Bakı, “Müəllim” nəşriyyatı, 2020, s.145-150.

4.      Qurbanov İ.S., Əliyev V.M., Bəyəhmədov İ.A., Xankişiyeva E.M., Süleymanova S.C. Fındıq bitkisi. Bakı, “Elm və Təhsil” nəşriyyatı, 2019, s.89-91.

5.      Məmmədov C.Ş., Yusifov Ə.N., Abdullayeva N.M. Qərzəkli meyvə bitkilərinin bioloji əsasları və aqrotexnologiyası. Bakı, “Müəllim” nəşriyyatı, 2018, s.98-102.

6.      Məmmədov Q.Ş.,Xəlilov M.Y. Ekologiya və ətraf mühitin mühafizəsi. Bakı, “Elm” nəşriyyatı, 2005, s.12.

7.      Sadıqova N.M., Sadıqov Ə.N., Qurbanov İ.S. Meyvə və çay bitkilərinin xəstəlik və zərərvericiləriləri.  Bakı, “Elm və təhsil”, 2019, s.145.

  1. Чернова Н.М., Былова А.М. Экология. Москва, издательство «Просвещение», 1988, с.12-13.
  2. Щепотьев Ф.Л., Рихтер А.А., Команич И.Г., Павленко Ф.А., Кази-Заде Ф.Н., Лебединец Л.Н., Кравченко В.И., Тремль А.Г., Клюшкин П.И. Орехоплодовые древесные породы. Москва, издательство «Лесная промышленность», 1969, с. 197-198.
  3. Щепотьев Ф.Л., Рихтер А.А., Павленко Ф.А., Молотков П.И., Кравченко В.И., Ирошников А.И. Орехоплодовые лесные культуры. Москва, издательство «Лесная промышленность», 1978, с.137.
  4. www.stat.gov.az

 

Комментарии

Популярные сообщения