Fındıq kataloqu

 

AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ MEYVƏÇİLİK VƏ ÇAYÇILIQ ELMİ TƏDQİQAT İNSTİTUTUNUN

pdf yüklə

FINDIQ SORTLARININ KATALOQU və BECƏRİLMƏSİ

Corylus avellana L.

 

Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun 100 illik yubileyinə həsr olunmuşdur

1926-2026

 

N.M.Abdullayeva,  Fındıq  sortlarının  kataloqu  və  becərilməsi-

Corylus avellana L. Bakı, “Class Print” nəşriyyatı, 2026, 376 səh.

 

Kitab, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun “100 illiyi”nə (1926- 2026) həsr edilmişdir. İnstitutun nəzdində Lənkəran, Abşeron, Qəbələ, Göyçay, Quba və Zaqatala Elmi Təcrübə Bazaları fəaliyyət göstərir. Zaqatala Elmi Təcrübə Bazası 1959-cu ildən yaradılmış və fəaliyyətini kənd təsərrüfatının elmi əsaslarla inkişafına yönəltmişdir. Elmi-tədqiqat işləri, movcud genofondun genişləndirilməsi, seleksiya işlərinin aparılması ilə əldə edilmiş hibrid formalardan daha geniş istifadə edilməsi, keyfiyyət göstəricilərinə görə daha üstün sortların əldə edilməsi istiqamətində aparılır və fındığın: 20- xalq seleksiya sortu, 23- İnstitutun seleksiya sortları, 7- Türkiyə, 11- İtaliya, 8- Gürcüstan, 3- Şimali Qafqaz, 4- İspaniya, 5- Fransa, 10-Almaniya, 5-ABŞ, 2-Rusiya, 3-İngiltərə, 2-İİR, 1- İsveçrə, 1- Ukrayna, və 1 Balkan yarmadasından introduksiya olunmuş sortlar olmaqla, cəmi: 106 fındıq sortu tədqiq edilir. Kitabda, Şəki-Zaqatala iqtisadi rayonunun torpaq-iqlim şəraiti, fındıq bitkisinin botaniki təsviri və bioloji xüsusiyyətləri, əhəmiyyəti, sortların təsviri və morfoloji xüsusiyyətləri, mənşəyi, müxtəlif əkin sistemləri, çoxaldılması, aqrotexniki qulluq qaydaları, cərgə aralarının səmərəli istifadəsi, fenoloji müşahidələr, məhsul yetişdikdən sonra keyfiyyətinə təsir edən amillər, standart fındıq məhsulu, sortların tərkibi, məhsuldarlığı, bitki mühafizəsi üsulları, xəstəlik və zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri təhlil edilmiş, fəaliyyətin təsviri və arxiv foto şəkillər öz əksini tapmışdır. Kitabdan aqrar sahədə çalışan şəxslər, elmi işçilər, müəllimlər, tələbələr, fındıq emalçıları və istehsalçıları, fermerlər, azad sahibkarlar və fərdi təsərrüfatçılar istifadə edə bilərlər.

 

DOİ:https://doi.org/10.36719/0859/2026

 

 

MÜNDƏRİCAT

 

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu 1926-2026.........

Zaqatala Elmi Təcrübə Bazası......................................................

Şəki-Zaqatala iqtisadi rayonunun torpaq-iqlim şəraiti.................

Zaqatala Elmi Təcrübə Bazasının Pərzivan təcrübə sahəsində

tədqiq edilən fındıq sortlarının siyahısı və mənşəyi......................

Fındıq sortları (təsviri və morfoloji xüsusiyyətləri)......................

Fındıq bitkisinin botaniki təsviri və bioloji xüsusiyyətləri...........

Fındıq bitkisinin əhəmiyyəti..........................................................

Dünyada fındıq istehsalı................................................................

Atababa sortu................................................................................

Fındıq bağı altında torpağın qida maddələrinə tələbatı.................

Fındıq bağlarına üzvi gübrələrin verilməsi....................................

Fındıq bağı üçün sahənin seçilməsi...............................................

Torpağın əkin qabağı hazırlanması................................................

Bağ sahəsinin bölünməsi və əkin sxemi.......................................

Müxtəlif əkin sxemlərində kolda gövdə sayı və məhsuldarlığın

təhlili..............................................................................................

Cərgəvi əkin sistemi......................................................................

“Ocaq” əkin sistemi.......................................................................

“V” şəkilli əkin sistemi .................................................................

Fındığın çoxaldılması (üfüqi daldırma üsulu)................................

Yeni bağ salınarkən əsas və tozlayıcı sortların yerləşdirilməsi......

Yeni bağların salınması.................................................................

Fındıq tinglərinin əkilməsi............................................................

Fındıq bağlarında mövsüm ərzində aparılan aqrotexniki tədbirlər və təqvim planı..............................................................................

Cavan fındıq bağlarına aqrotexniki qulluq....................................

Cavan fındıq bağlarının cərgə aralarının səmərəli istifadəsi.........

Məhsuldar fındıq bağlarına aqrotexniki qulluq.............................

Fındıq bağlarının don vurmadan qorunması tədbirləri...................

Fındıq bağlarının budanması (yaşıl budama)................................

Gübrələmə (torpağın mübitləşdirilməsi).......................................

Fındıq bağlarının suvarılması........................................................

Payız-qış   aylarında  fındıq   bağlarında  aparılan  aqrotexniki

tədbirlər.........................................................................................

 

 

 

Fındıq   məhsu   yetişdikdən  sonra   keyfiyyətinə  təsir   edən

amillər............................................................................................


Fındıq məhsulunun yığılması.........................................................

Məhsulun daşınması......................................................................

Fındığın qərzəkdə saxlanması........................................................

Məhsulun qərzəkdən təmizlənməsi...............................................

Qabıqlı fındıq məhsulun çeşidlənməsi..........................................

Qabıqlı fındıq məhsulunun qurudulması.......................................

Qabıqlı fındıq məhsulunun saxlanması..........................................

Keyfiyyətli fındıq məhsulu əldə etmək üçün bilinməsi vacib olan

qulluq qaydaları.............................................................................

Standart fındıq məhsulu................................................................

Qərzəkli meyvə bitkilərinin istehsalının inkişafı nəyə görə

aktualdır ?......................................................................................

Bitki mühafizəsi üsulları...............................................................

Bitki mühafizəsinin təqvim və iş planı.........................................

Fındıq bitkisinin Şəki-Zaqatala bölgəsində daha geniş yayılan

xəstəlik və zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri......

Şəki-Zaqatala bölgəsində daha geniş yayılmış fındıq bitkisinin

xəstəlikləri.....................................................................................

•   Unlu şeh.................................................................................

•   Mozaika ................................................................................

•   Bakterial yanıq......................................................................

•   Yarpağın qonur ləkəliyi.........................................................

•   Fındığın budaq xərçəngi........................................................

•   Fındığın kök çürüməsi...........................................................

•   Kif xəstəliyi- aflotoksin ........................................................

Şəki-Zaqatala bölgəsində daha geniş yayılmış fındıq bitkisinin

zərəvericiləri..................................................................................

·   Fındıq uzunburunu................................................................

·   Fındığın tumurcuq gənəsi.....................................................

·   Fındıq bığlıçası və ya oduncaq böcəyi..................................

·   Fındıq mənənəsi....................................................................

·   Qızılağac yarpaqyeyəni.........................................................

·   Akasiya yalançı çanaqlı yastıcası..........................................

·   Qəhvəyi mərmər bağacığı.....................................................

·   Amerika ağ kəpənəyi............................................................

·         Gəmiricilər, quşlar, iri heyvanlar........................................

Dərman preparatlarının çilənmə qaydaları.....................................

Xəstəlik və zərərvericilərə qarşı xalq təbabəti vasitələri................

Fındıq sortlarının pöhrəvermə qabiliyyəti, xəstəlik və zərərveri-

cilərə davamlılığı cədvəli..............................................................

Fındıq sortlarının ölçüləri və çəkisi cədvəli..................................

Fındıq sortlarının yetişmə tarixi, məhsuldarlıq və ləpə çıxımı

cədvəli...........................................................................................

Fındıq sortlarının kimyəvi tərkibi cədvəli....................................

Fındıq sortlarının fenoloji müşahidələri cədvəli............................

Erkək və dişi çiçəklərin fəal dövrü və tozlanma müddəti

cədvəli............................................................................................

Zaqatala Elmi Təcrübə Bazasının elmi və təsərrüfat fəaliyyətində

rolu olmuş keçmiş işçilər haqqında məlumat...............................

·    Qazızadə Fateh Nurulla oğlu..............................................

·    Bojko Nina Viktorovna.......................................................

·    Qədirov Abdusalam Balabəy oğlu.......................................

·    Adıgözəlov Hacəli Oruc oğlu...............................................

·    Rəcəbov Rəcəb Murtuzəli oğlu............................................

·    Feyzullayeva Gülşən Səməd qızı..........................................

Foto albom- Zaqatala Bağçılıq Dayaq Məntəqəsinin keçmiş

işçiləri, 1995-ci il..........................................................................

1972-1989-cu illərdə Zaqatala Bağçılıq Dayaq Məntəqəsinə

təqdim edilmiş Attestatlar..............................................................

Foto albom- fəaliyyətin təsviri.......................................................

Foto albom- sərgilərdə iştirak........................................................

Ədəbiyyat siyahısı.........................................................................

Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat  İnstitutunun nəzdində Lənkəran, Abşeron, Qəbələ, Göyçay, Quba və Zaqatala Elmi Təcrübə Bazaları fəaliyyət göstərir. İnstitutunun elmi-tədqiqat müəssisəsi olan  Zaqatala Elmi Təcrübə Bazası 1959-cu ildən yaradılmış və fəaliyyətini kənd təsərrüfatının elmi əsaslarla inkişafına yönəltmişdir. Azərbaycan SSRİ Nazirlər Sovetinin 22 yanvar 1959-cu il 29 saylı sərəncamı, Azərbaycan SSRİ Xalq Təsərrüfatı Şurası Ərzaq Malları Sənaye İdarəsinin 28 yanvar 1959-cu il 26 saylı əmri və Azərbaycan SSRİ Kənd Təsərrüfatı Elmlər Akademiyasının 9 fevral  1959-cu  il  tarixli  176  saylı əmrinə əsasən Azərbaycan MvəÇETİ-yə verilmişdir. Zaqatala Elmi Təcrübə Bazasının 62,7 ha, o cümlədən 56.0 ha kənd təsərrüfatına yararlı torpaq sahəsi vardır. Qərzəkli meyvə bitkilərinin sortlarının öyrənilməsi və seleksiyası üzrə tədqiqat işləri aparılır. Elmi-tədqiqat işləri metodikaya uyğun olaraq, movcud genofondun genişləndirilməsi, seleksiya işlərinin aparılması ilə əldə edilmiş hibrid formalardan daha geniş istifadə edilməsi, keyfiyyət göstəricilərinə görə daha üstün sortların əldə edilməsi istiqamətində aparılır. Hal-hazırda Zaqatala ETB-nın direktoru Rəşad Xəlil oğlu İbrahimovdur. Şəki-Zaqatala bölgəsində bağçılığın digər sahələri ilə yanaşı qərzəkli meyvə bitkilərinin (fındıq, qoz, şabalıd) becərilməsinə xüsusi diqqət yetirilir. Bölgəmizdə qərzəkli meyvə bitkilərinin inkişaf etdirilməsi üçün olduqca əlverişli torpaq-iqlim şəraiti mövcuddur və meşələrdə təbii halda bitən qoz, şabalıd, fındıq ağacları buna əyani sübutdur. Pərzivan təcrübə sahəsində qərzəkli meyvə bitkiləri üzərində “Subtropik, qərzəkli, sitrus meyvə bitkilərinin ekstremal faktorlara davamlı yeni sortlarını yaratmaq, təsərrüfat qiymətli əlamətlərini seçmək, mövcud sortları öyrənmək” mövzusuna uyğun olaraq “Fındıq bitkisinin sort-formalarının toplanılması, öyrənilməsi, seçilməsi və kolleksiya bağına cəlb etməklə genofondunun zənginləşdirilməsi” elmi tədqiqat işi seleksiya və sortöyrənmə istiqamətində icra edilir.Tədqiqatın məqsədi qərzəkli meyvə bitkilərinin tez məhsula düşən, nazik qabıqlı, yüksək yağlılığa, ləpə çıxımına malik, məhsuldar, bazar tələblərinə cavab verən, ekoloji sağlam, xarici mühit amillərinin təsirinə dözümlü, kompleks davamlı yeni sortlarını yaratmaq, həmçinin mövcud sortların öyrənilməsi və ən perspektivlilərin DSS-na təsqim etməklə, təsərrüfatlara tövsiyyə etməkdən ibarətdir. Elmi-tədqiqat işləri üç tərəfdən dağlarla əhatə olunmuş, yalnız cənubdan açıq olan dəniz səviyyəsindən 300-350 m hündürlükdə yerləşən Pərzivan təcrübə sahəsində aparılır.Sahənin iqlimi rayonun iqlimindən kəskin şəkildə fərqlənir. Qışı şaxtalı, yayı isə quraq keçir. Təcrübə sahəsinin torpağı dəmyə olub, qonur dağ-meşə, qəhvəyi dağ-meşə, boz qonur, şabalıdı və bozqırlaşmış torpaqlardan ibarətdir. Torpağın su saxlama qabiliyyəti aşağı səviyyədədir, dağətəyi zonadır.

Zaqatala Elmi Təcrübə Bazasının Pərzivan təcrübə sahəsində tədqiq edilən fındıq sortlarının siyahısı və mənşəyi- Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Zaqatala Elmi Təcrübə Bazasının Pərzivan təcrübə sahəsində tədqiqat obyekti olaraq qərzəkli meyvə bitkilərindən fındığın: 20- xalq seleksiya sortu, 23- İnstitutun seleksiya sortları, 7- Türkiyə, 11- İtaliya, 8- Gürcüstan, 3- Şimali Qafqaz, 4- İspaniya, 5-Fransa, 10-Almaniya, 5-ABŞ, 2-Rusiya, 3- İngiltərə, 2-İİR, 1- İsveçrə, 1- Ukrayna, və 1 Balkan yarmadasından introduksiya olunmuş sortlar olmaqla, cəmi: 106 fındıq sortu tədqiq edilir. Şəki-Zaqatala bölgəsində daha yüksək keyfiyyət göstəricilərinə malik fındıq sortlarına: Atababa, Qalib, Qızıl, Saçaxlı, Pərzivan zərifi, Barlı, Elbarı, Ataulla, Zaqatala-9, Firavan, Topqara sortlarını aid etmək olar.

Fındıq bitkisinin botaniki təsviri və bioloji xüsusiyyətləri- Fındıq bitkisi (Corylus avvellana L.), fıstıqçiçəklilər dəstəsinin (Fagales) tozağacıkimilər fəsiləsinin (Betulaceae), fındıq cinsinə (Corylus) aid bitki növüdür. Mövcud olan 20 növündən 7 növü daha çox yayılmışdır. Corylus avellana- dünyada, o cümlədən Azərbaycanda əsasən Şəki-Zaqatala iqtisadi rayonunda geniş yayılmışdır. Fındıq bitkisinin çiçəkləri bir evli müxtəlif cinslidir. Erkək çiçəkləri silindirik formalı sırğalarda yerləşmişdir. Hər erkək çiçək üç inkişaf etməmiş yarpaqcıqdan ibarətdir. Lakin, çiçək yanlığı yoxdur. Çiçəkdə erkəkciklər 4 ədəddir, lakin, elə haçalanmışdır ki, səkkiz ədəd erkəkciyə oxşayır. Erkəkciklərin saplağı qısa, toxumcuqlar bir yuvalı, yuxarısı tüklü və ya tüksüz olurlar, erkək çiçəyin əsası keçən ilin yayında (iyun-iyul ayları) qoyulur. İlin hava-iqlim şəraitindən, fındıq bitkisinin sort xüsusiyyətlərindən və yetişmə müddətindən (tezyetişən, orta, gecyetişən) asılı olaraq, erkək çiçəklər dekabr ayının sonundan başlayaraq, mart ayının əvvəlinədək çıçəkləyir. Mövcud bölgədə iqlim–hava şəraitindən asılı olaraq çiçəkləmə müddəti 12–70 gün arasında davam edir. Dişi çiçəklərin açılması isə yanvar ayının ortalarından başlayaraq, fevral ayının sonunadək davam edir. Müvafiq olaraq elə bu müddətdə (25 dekabr-05 mart) tozlanma prosesi baş verir. Yarpaqlama aprel ayının əvvəlindən başlayaraq, iyun ayının sonunadək davam edir. Qərzəyin əmələ gəlməsi prosesi may ayının əvvəlindən başlayaraq, iyul ayının ortalarınadək davam edir. Məhsulun yetişməsi iyul ayının sonundan başlayaraq, sentyabr ayının 10-dək olan dövrü əhatə edir. Xəzəlləmə təqribən oktyabr ayının 05-dən başlayaraq, dekabr ayının 10-dək davam edir. Fındıq zoğları tez inkişaf edərək 4-5 yaşa çatdıqda məhsula düşür. Fındıq kolu 15-20 il tam məhsul verdikdən sonra tədricən məhsuldarlıq azalır və gövdə fəal məhsuldar dövrünü bitirir. Bu bitki uzun ömürlü olmasına baxmayaraq, 40 yaşdan yuxarı məhsuldar gövdələrə rast gəlinmir. Bunun üçün sağlam kök pöhrələri saxlanılır ki, gələcəkdə yaşlı gövdələri əvəz edə bilsin. Fındıq meyvələrinin tərkibi olduqca zəngindir (40-75% yağlar, 17-25% zülallar, 3-8% sulu karbonlar, A,D, E vitaminləri və s.) və ləpəsi olduqca yüksək koloriyə (639 kkal) malikdir.

Dünyada fındıq istehsalı- Adi fındıq növü (Corylus avellana L.) Avropada, Qərbi Asiyada, Şimali Amerikada geniş yayılmışdır. Dünya fındıq istehsalının 72%-i Türkiyənin payına düşür.

Atababa sortu- Şəki-Zaqatala bölgəsində becərilən fındıq sortlarının 90%-ni Atababa sortu təşkil edir. Torpaq iqlim şəraitindən asılı olaraq, tam yetkin kolun hündürlüyü 5-8 metrə çatır. 4-5 ildən məhsula düşür və hər il bar verir. Yüksək məhsuldarlığa və yaxşı pöhrə vermə qabiliyyətinə malikdir. Torpağın münbitliyindən, aqrotexniki qulluqdan və əkin sxemindən asılı olaraq bir kolun məhsuldarlığı orta rəqəmlə 16-35 kq-dan artıq olur. Meyvəsinin qabığı nazik, ləpə çıxımı 52,5%, yağlılığı 68.90 %-dir. Quraqlığa, şaxtaya, xəstəlik və zərərvericilərə qarşı olduqca davamlıdır. Mənşəyi: Azərbaycan, xalq seleksiyası; Sortun yayıldığı zonalar: Şəki-Zaqatala, Dağlıq Şirvan, Gəncə- Qazax;Yetişkənliyi: gecyetişən Sortun xüsusiyyətləri: Bitkinin boyu: kolun hündürlüyü 5-8 m, sıx çətirə malikdir; Məhsula düşməsi: 4-5 ildən; Məhsuldarlığı: bir kolun məhsuldarlığı orta hesabla 16-35 kq-dır; Xəstəlik və zərərvericilərə qarşı davamlılığı: davamlı; Yığım vaxtı: sentyabr ayının sonu; Tozlayıcıları: Saçaqlı, Yağlı fındıq, Qalib, meşə fındığı; Meyvənin xüsusiyyətləri: Meyvənin forması – yumru formalı; Orta çəkisi – 2.7-2.9 qram; Yağlılığı -68.90 %; Qabığı – orta qalınlıqda; Ləpə çıxımı – 52.5 %; Dad keyfiyyətləri – tərkibində zülal 15.25%

Fındıq bağı altında torpağın qida maddələrinə tələbatı- Meyvə bitkilərinin böyümə və inkişafının normal gedişi kifayət qədər qidalanma şəraitindən asılıdır. Çoxillik bitkilər eyni yerdə uzun müddət becərildiyi üçün, onlar torpaqda olan qida maddərini mənimsəməklə onu tükəndirirlər. Meyvə bitkilərinin qidalanmasında su, oksigen, karbon qazı ilə yanaşı makro və mikroelementlər də iştirak edir. Bitkilər üçün mühüm əhəmiyyət kəsb edən qida elementləri əsasən azot, fosfor və kaliumdur. Azot, meyvə və bitkilərin həyat fəaliyyətinin əsas tənzimləyicisidir. Fosforun çatışmaması boyu zəiflədir, generativ tumurcuqların formalaşmasını ləngidir. Kalium bitkinin quraqlığa və şaxtaya davamlılığını yüksəldir, fermentlərin fəaliyyətini gücləndirir, maddələr mübadiləsini yaxşılaşdırır, orqanizmin həyat fəaliyyətini artırır. Bundan əlavə torpaqda makroelementlərdən: kalsium, maqnezium, kükürd, dəmir və s. mikroelementlərdən: bor, manqan, mis, sink, molibden elementlər mövcuddur. Bitkiləri qida maddələri ilə təmin etmək üçün gübrələr torpağa, bəzən isə yarpaqlara (kökdənxaric qidalanma) verilən üzvi və mineral maddələrdir. Gübrələr  ilk növbədə, bitkini asan mənimsəyə biləcəyi formada olan qida maddələrlə təmin edirlər. Bundan başqa gübrələr torpağın fiziki, kimyəvi və bioloji xassələrini yaxşılaşdırır ki, bu da məhsulun artmasına və onun keyfiyyətinin yaxşılaşmasına səbəb olur. Gübrə verməklə məhsulla birlikdə torpaqdan götürülmüş qida maddələri də torpağa qaytarılır. Bununla da torpağın məhsuldarlığı bərpa edilir.Torpaqlarının və meyvə ağaclarının analizindən alınmış rəqəmlər, norması ilə müqayisə olunaraq onların gübrəyə tələbatını hesablanır. Fındıq bağı üçün tələb olunan qida maddələrinin miqdarı: mq/kq-la NO3-20.0, P2 O5-25.0, K2O-350, S-5.0, B- 3.0, Mn-12-13, Cu-2.5, Zn-4.0, Co-1.0, Mo- 0.3, ∑ Duzlar- 0.10%, üzvi maddələr-4.0, pH-5-7 arası təşkil edir. Torpağın aqrokimyəvi analizinin nəticələrinə əsasən demək olar ki, bağ altından götürülmüş torpaqda qida maddələrinin miqdarı nisbətən aşağıdır. Bölgəmizdə fındıqçılıqla yanaşı, həmçinin heyvandarlıq da inkişaf etdiyi üçün torpağın münbitləş- dirilməsində əsasən üzvi gübrələrdən- peyindən və quş zılından istifadə edilir ki, bu da ekoloji təmiz məhsul əldə edilməsinə imkan yaradır. Belə torpaqlara üzvi gübrələrdən 40-50 ton heyvan peyini və 3-5 ton quş zılı verilməsi tövsiyə edilir.

Fındıq bağlarına üzvi gübrələrin verilməsi- Şəki-Zaqatala bölgəsində fındıqçılıqla yanaşı, heyvandarlıq da inkişaf etdiyinə görə, bu bölgədə əsasən üzvi gübrələrdən istifadə edilir. Üzvi gübrələrə: peyin, peyin şirəsi, torf, kompost, yaşıl gübrələr aiddir. Peyinin tərkibində bitkilərin qidalanması üçün tələb olunan bütün qida maddələri 0,5% azot, 0,25% fosfor, 0,5% kalium və 0,2% kalsium, müəyyən miqdarda mikroelementlər – 0.15% maqnezium, kükürd, bor və digər elementlər mövcuddur. Üzvi gübrə olan peyinin tərkibindəki qida maddələri, heç də mineral gübrələrdən geri qalmır. Belə ki, bitkilərin inkişafı üçün lazım olan bütün makro və mikroelementlər peyinin tərkibində mövcuddur. Peyinin tərkibindəki qida maddələrinin miqdarı heyvanın növündən, yemin tərkibindən, peyinin saxlanma şəraitindən asılı olaraq müxtəlif olur.Üzvi gübrələrin tərkibinfə olan birləşmələr parçalanaraq torpaqda humusun miqdarını artırır, sturukturunu yaxşılaşdırır, onu karbon qazı ilə zənginləşdirir, buferliyini çoxaldır. Üzvi gübrələr tam minerallaşdıqdan sonra bitkilər tərəfindən mənimsənilir. Minerallaşma prosesi müəyyən vaxt tələb etdiyindən, üzvi gübrələrin hər il deyil, ilaşırı verilməsi məsləhət görülür. Peyin əsasən payız aylarında verilir, belə olduqda onun birinci il və sonrakı təsiri güclü olur. Müxtəlif çürümə dərəcəsindən, gübrələnən bitkinin xüsusiyyətindən, torpaq və iqlim şəraitindən asılı olaraq, 1.0 ha-ya 10 tondan 50 tona qədər verilir.

Fındıq bağı üçün sahənin seçilməsi- Yeni bağ salınarkən sahənin seçilməsi əsas şərtlərdən birincisidir. Əkilən tinglərin yüksək faizlə tutması, yaxşı inkişaf etməsi, yüksək məhsuldarlığı və meyvələrin keyfiyyəti sahənin düzgün seçilməsindən asılıdır. Yer seçilərkən sahənin torpağı analiz edilməli, relyefi, yeraltı qrunt sularının yerləşmə dərinliyi hərtərəfli öyrənilməlidir. Relyefə görə bağ salınarkən ən münasib düz və mailliyi 5-100 olan sahələrdir. Fındıq bitkisinin inkişafına müxtəlif amillər: torpaq, iqlim, hava şəraiti, aqrotexniki tədbirlər, torpağın münbitliyi, gübrələnməsi, suvarılması, budanması, cərgə aralarının saxlanması və s. təsir edir. Bölgə şəraitindən asılı olaraq cərgə aralarının qara herik və ya alçaqboylu kənd təsərrüfatı bitkilərinin növbəli əkilməsi ilə saxlanması, vegetasiya dövrü ərzində 3-4 dəfə diskli mala çəkilməsi, gövdə ətrafının bellənməsi, bağlarda 2-ci ildən başlayaraq formavermə və sonralar budama işlərinin aparılması və s. həm kəmiyyət, həm də keyfiyyətin artmasına səbəb olur. Meyvə bağlarına təsis edilərkən ekoloji və iqtisadi faktorlar nəzərə alınmalı, ərazi düzgün seçilməlidir. Bağların tez məhsula düşməsi bağın təsisi zamanı tələb olunan şərait və əkin işlərinin görülmə dərəcəsindən və əsasən sağlam əkin materialının olmasından çox asılıdır. Bağ salmaq üçün sahənin düzgün seçilməsi, yəni qida maddələri ilə zəngin, neytral, yüngül, qumlu-gilli, müəyyən dərəcədə nəmliklə təmin olun- muş torpaqlar, bitkinin məhsul- darlığının artmasına şərait yaradır. Ümumiyyətlə fındıq bitkisi şoran torpaqlardan başqa digər bütün tip torpaqlarda becərilir.Fındıq bitkisi üçün ən uyğun orta illik temperatur 13-160C olduğu bölgələr hesab olunur. Həmçinin bu ərazilərdə havanın temperaturu mənfi -8...-10°C-dən aşağı və müsbət +36...+37°C- dən yüksək olmamalıdır. İllik yağıntıların miqdarı isə 700 mm olmalıdır.

Torpağın əkin qabağı hazırlanması- Torpağın əkinqabağı hazırlanması zamanı üzvi gübrələrdən (1.0 hektara 35-50 ton peyin), siderat bitkilərdən də istifadə etmək olar. Bu məqsədlə lüpin, raps, esparset, 2-3 illik yonca çiçəkləmə fazasında şumlanaraq torpağın alt qatına çevrilərək şumlanması yolu ilə torpağın münbitləşdirilməsi daha məqsədəuyğundur. Xam torpaqlarsa 60-70 sm dərinlikdə plantaj şum aparılmaqla və mala çəkilməsini təmin etməklə, torpağın hazırlanması praktikada daha çox istifadə edilir.

Bağ sahəsinin bölünməsi və əkin sxemi- İstər kiçik, istərsə də böyük sahələrdə yeni bağlar salınarkən bitkilərin qida sahəsi, becərmədə istifadə edilən texnikanın və nəqliyyatın hərəkəti üçün yollar dəqiqləşdirilməlidir. Bağ salmaq üçün sahə düzbucaqlı yaxud kvadrat şəklində sahələrə bölünməlidir. Düzbucaq və ya kvadrat qurulduqdan sonra, bucaqların müəyyən edilmiş nöqtələrinə payalar basdırılaraq əkin sxemindən asılı olaraq cərgə arası düz istiqamətdə xətlər alınır. Torpağın dəmyə və ya suvarılan olması, sortlardan asılı olaraq, əkin sxemi sortun xüsusiyyətinə görə müəyyənləşdirilir. Bölgəmizdə daha geniş yayılmış əkin sxemləri və sortlar aşağıdakı cədvəldə verilmişdir:

Müxtəlif əkin sxemlərində kolda gövdə sayı və məhsuldarlığın təhlili- Son illər daha müasir innovativ tipli meyvə bağları salınır, sahədə bitkilərin miqdarı artırılır. Gözdə sayını az saxlamaqla, günəş şüalarından səmərəli istifadə təmin edilir. Əkin sxemi sıxlaşdıqca bir bitkidə gövdə sayı azaldılmalıdır. Normal qulluq edilmədikdə 3-4 yaşlı kollarda 35-ə qədər kök pöhrələri əmələ gəlir. Kolda artıq gövdələrin saxlanması məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Əkin sxemləri üzrə qida sahəsi azaldıqca bitki sayı artdığı üşün, bir bitkidə gövdə sayı azaldılmalıdır. Ənənəvi üsulla 8x8 əkin sxemi üzrə 1.0 ha-ya 156 kol, 14-16 gövdə sayı düşürsə, 5x2 əkin sxemində müvafiq olaraq 1.0 ha-ya 1000 bitki, 4-6 gövdə sayı düşür. Müntəzəm olaraq budama aparmaqla gövdə saylarının nizamlanması olduqca vacibdir. Əks təqdirdə bağın məhsuldarlığı, meyvənin keyfiyyəti aşağı düşər, xəstəlik və zərərvericilərin inkişaf etməsinə şərait yaranar.

Cərgəvi əkin sistemi- Sahənin gələcəkdə nə məqsədlə istifadə edilməsini nəzərə alaraq, müxtəlif əkin sxemləri üzrə bağlar salınır. Cərgəvi əkin sistemi ilə yeni bağ salınarkən, bəzi dəyişikliklər edilərək fərqli şəkillərdə tətbiq oluna bilər. Belə əkin üsullarından: sərbəst faza (ortası açıq kasa), düz gövdəli, “V” şəkilli üsullardan istifadə edilir. Keyfiyyətli və yüksək məhsul əldə edilməsinə təminat verən, innovativ yeni əkin sxemlərinə uyğun müasir meyvə bağlarının salınması torpaq- dan səmərəli istifadə edilməsinə imkan yaradır. Cərgəvi əkin sistemi, torpaqdan daha səmərəli istifadə edilməsinə, vahid sahədən daha yüksək məhsul əldə edilməsinə imkan yaradır. Lakin belə bağların əl əməyi çox tələb olunur, hər il payızda və erkən yazda  budanması  vacibdir.  Əks təqdirdə inkişaf edən budaqlar bir-birinə girərək, çətirin sıxlaşmasına və nəticə etibarı ilə məhsuldarlığın aşağı düşməsinə səbəb olur.

“Ocaq” əkin sistemi- Daha çox düz ərazilərə uyğun olan bu əkin forması mailli ərazilərdə, terraslama aparıldıqdan sonra tətbiq olunmalıdır. Ocaq əkin sistemində çalalar əkindən ən az bir ay əvvəl 120 sm diametrində və 60 sm dərinlikdə açılmalıdır. Ümumi olaraq “ocaq” əkin sistemində, məhsuldar torpaqlarda çalalar arası məsafə 6-7 m, zəif torpaqlarda isə 4-5 m olmalıdır. “Ocaq” əkin sistemində günəş şüaları bitkinin hər tərəfinə eyni səviyyədə düşür. Son illərdə İtaliya və İspaniyada yeni salınmış fındıq bağlarında ocaqdakı gövdələrin sayı 3 ilə 4 arasındadır. Ocaq şəklində yetişdirilən bitkilərin yalnız yuxarı hissəsində meyvə budaqları mövcuddur. Şəki-Zaqatala bölgəsində “ocaq” əkin sistemi ilə fındıq bağının salınması, düz və aran ərazilərdə daha münasibdir. Belə ki dağətəyi kəndlərdə hava şəraitinin daha soyuq və qarlı keçməsi, budaqların qar altında qalaraq qırılmasına səbəb olur.

“V” şəkilli əkin sistemi -“V” şəkilli əkin sistemində bitki arası 1,8-2,4 metr, cərgə araları 8- 10 metr olmaqla, istifadəsinə uyğun olaraq saxlanılır. Tinglər 2 tərəfə “V” şəklində mailli əkilir. Bu əkin sistemində də günəş şüaları birbaşa bitkinin kökünə düşür ki, bu da keyfiyyətli və yüksək məhsulu təmin edə bilər. Lakin “ocaq” əkin sistemində olduğu kimi, bölgəmizdə “V ” şəkilli üsulda düz və aran ərazilərdə yeni bağın salınması daha münasibdir. Eyni ilə soyuq ərazilərdə qar altında qalaraq budaqların qırılmasına səbəb olur.

Fındığın çoxaldılması (üfüqi daldırma üsulu)- Son illərdə aqrar sektorun inkişafı, fermer və sahibkarlar tərəfindən sənaye əhəmiyyətli bağların salınması davam etdirilir. Qərzəkli meyvə bitkilərinin vegetativ çoxaldılma üsullarından: calaqla, çiliklə, kök pöhrələri ilə, basmalarla, üfüqi daldırma üsulu və kolların bölünməsi ilə çoxaldılır. Bu sahədə qərzəkili meyvə bitkilərinin əkin materialının sağlam və keyfiyyətli yetişdirilməsi olduqca vacibdir. Yeni bağlar salınarkən, ilk növbədə sağlam və keyfiyyətli əkin materialının (ting) əldə edilməsidir. Şəki-Zaqatala bölgəsinə xas olan, qiymətli qida məhsulu və əhalinin gəlir mənbəyi olan qərzəkli meyvə bitkilərinin istehsalının inkişaf etdirilməsi, gələcəkdə, yüksək və keyfiyyətli məhsulun qarantı üçün, məqsədyönlü çoxaldılma üsulunun tətbiq edilməsi olduqca vacibdir. Fındıq bitkisi vegetativ orqanları vasitəsilə: kök pöhrələri, çiliklər, kolun bölünməsi və s., seleksiya işlərində isə generativ: meyvəsindən istifadə edilərək çoxaldılır. Hal-hazırda MvəÇETİ-nin Mikroklonal çoxaltma laboratoriyasında, müasir innovativ olan mikroklonal çoxalma metodlarından istifadə etməklə, meyvə bitkilərinin sort və calaqaltılarına aid əkin materiallarının çoxaldılması icra edilir. Şəki-Zaqatala bölgəsinin fərdi təsərrüfatlarda, fındıq bitkisi əsasən kök pöhrələri vasitəsilə çoxaldılır. Pöhrə vermə qabiliyyətinə görə fındıq sortları 3 qrupa bölünür: Yüksək pöhrə verən sortlar: Atababa, Elbarı, Barlı, Firavan, Qızıl; Orta pöhrə verən sortlar: Əşrəfi, Yağlı fındıq, Azəri, Ataulla, Əşrəfi; Az pöhrə verən sortlar: Saçaxlı, Qalib,Topqara, Pərzivan zərifi, Daş fındıq, Zaqatala, Gəncə, İri çataq və s. kimi sortlar aiddir. 3-cü qrupa aid olan seyrək kök pöhrələri verən, perspektivli və keyfiyyətli fındıq sortlarının fərdi təsərrüfatlarda “üfüqi daldırma” üsulu ilə çoxaldılması daha əlverişlidir. Belə ki: bu üsul mart ayında,fındıq zoğlarının daha şirəli və elastik bir dövründə aparılır. Anac kol olaraq seçilmiş fındıq kolunun gövdə ətrafı əvvəlcədən şumlanaraq yumşaldılır. Uzunluğu 1,5-2.0 metr, diametri 1,5 sm olan 25-30 ədəd sağlam, standart zoğlar seçilir və kolun dibindən ətrafa doğru hər istiqamətdə 15- 20 sm dərinlikdə, ara məsafəsi 0,3-0,5m olmaqla şırımlar çəkilir. Seçilmiş zoğlar ehtiyatla qövs şəklində üfüqi vəziyyətdə əyilərək şırımlara yatdırılır və əvvəlcədən hazırlanmış ağac qarmaqlarla torpağa bərkidilərək, üzəri torpaqla örtülür. Vegetasiya gövründə həmin sahə çox ehtiyatla becərilir, kök sistemini zədələmədən alaq otlarından təmizlənir, vaxtaşırı suvarılır və torpaq yumşaldılır. Həmin sahədə iyun-lyul aylarında əmələ gələn yeni sağlam kök pöhrələrinin müəyyən qismi əlavə saxlanılır ki, bu da, gələcəkdə çoxaldılma üçün istifadə edilir və qalan zəif və zədəli pöhrələr kəsilərək atılır. Həmin ilin payızında basdırılmış zoğlardan sağlam kök sisteminə malik pöhrələr inkişaf edir. Üfüqi basdırılmış zoğların kənarı ehtiyatla qazılaraq, əmələ gəlmiş pöhrələr bağ qayçısı ilə kəsilərək götürülür və çeşidlənərək tingliyə köçürülür. Bu üsulla hər bir anac koldan orta hesabla sağlam kök sisteminə malik 150-250 ədəd əkin materialı (ting) əldə etmək mümkündür. Hər bir anac fındıq kolundan 25 zoğ “üfüqi daldırma” üsulu ilə yatdırılarsa, hər zoğdan təqribən 10 ədəd pöhrə əldə edilərsə, 1 anac koldan 250 ədəd ting əldə edilə bilər. 1.0 ha 8x8 əkin sxemi ilə salınmış fındıq bağında 156 kol hesabı ilə (156 x 250 = 39000), hektardan təqribən 39000 sağlam əkin materialı (ting) əldə etmək mümkündür. Fərdi təsərrüfatlarda fındıq bitkisinin “üfüqi daldırma” üsulu ilə çoxaldılması, əhali üçün daha asan və əlçatandır.

Yeni bağ salınarkən əsas və tozlayıcı sortların yerləşdirilməsi- Yeni fındıq bağları salınarkən: gələcəldə sahənin genişləndirilməsi, suvarma suyu ilə təmin olunması məqsədilə su mənbələrinə yaxın olması və yaxud damlama suvarma sisteminin təşkili, xəstəlik və zərərvericilərə, quraqlıq və şaxtaya, xarici mühitin mənfi təsirlərinə qarşı davamlı sortların seçilməsi və bu sortların standartlara uyğun olması, tozlayıcı sortların yerləşdirilməsi, əkin materialının tədarükü, əlverişli əkin sxeminin düzgün tətbiq edilməsini, bağda sortların düzgün yerləşdirilməsi üçün birinci növbədə bitkidə çiçəklənmə dövrünün vaxtını və müddətini nəzərə almaq lazımdır. Şəki-Zaqatala bölgəsində erkək və dişi çiçəklərin çıçəkləmə müddəti təqribən yanvar ayının 1-ci dekadasından, mart ayının 1-ci dekadasınadək olan müddəti əhatə edir. Istisna hallarda ilin hava şəraitindən və sortun xüsusiyyətindən (tezyetişən) asılı olaraq dekabr ayının sonundan belə başlayır. Ona görə də yüksək məhsuldarlığı təmin etmək məqsədilə, yeni bağ salınarkən əvvəlcədən əkiləcək sortları dəqiqləşdirmək vacibdir. Çiçəkləmə və tozlanma müddəti uzun çəkən sortlar, xarici mühit amillərinin mənfi təsirlərinə (uzun müddətli yağmurlar) məruz qalsa da, tozlanmanın normal getməsi üçün müddət uzanır. Fındıq bağı salınarkən tozlanmanı təmin etmək üçün əsas sortların arasında tozlayıcı sortlar da əkilir. Fərdi təsərrüfatlarda əsasən uzun müddətli və yüksək tozlayıcılıq qabiliyyətinə malik olan yabanı fındıq kolları (meşə fındığı) tozlayıcı kimi saxlanılır. Aqrotexniki qaydada salınmış bağlarda tozlayıcı kimi yaxşı tozlayıcılıq qabiliyyəti olan mədəni sortlar da əkilir. Tozlayıcıların yerləşdirilməsi üçün tərtib olunan bütün sxemlərdə əsas sort sahənin 70-90%-ni təşkil etməlidir.

Yeni bağların salınması- İnnovativ tingliyinin təşkili, yeni əkin sxemlərinə uyğun müasir meyvə bağlarının salınması, fərdi və fermer təsərrüfatlarına tövsiyə və tətbiq edilməsi, bu gün üçün olduqca aktualdır. Yeni bağların salınması məqsədilə, fındıq tingliyinin əkilməsinə oktyabr ayından etibarən başlanılır. Hündürlüyü 80-120 sm, diametri 1.5 sm, 3-4 gövdəciyi və yaxşı inkişaf etmiş kök sisteminə malik olan tinglər daha keyfiyyətli hesab edilir. Əkin işləri qışı mülayim keçən ərazilərdə oktyabr-noyabr aylarında, qışı soyuq və sərt keçən ərazilərdə isə fevral-mart aylarında aparılmalıdır. Erkən əkilən tinglərin köklərində qış boyunca əmici tellər əmələ gəlir. Bu tellər qış boyunca yağan yağışlarla yumşalan torpaqla təmasa keçərək, tinglərin daha tez adaptasiya olunmasını təmin edir. Bu tinglər quraqlığa qarşı da davamlı olur. Payız əkinlərinin əsas üstün cəhətlərindən biri də, bitməyən tinglərin yerinə fevral-mart aylarında yenilərinin əkilməsi və bununla da il itkisi olmadan əkini həyata keçirməyin mümkün olmasıdır. Yeni bağ salınarkən sortların düzgün seçilməsinin böyük əhəmiyyəti vardır. Əkilən fındıq sortları rayonlaşmış, yüksək məhsuldar, quraqlığa və şaxtaya dözümlü, xəstəlik və zərərvericilərə qarşı davamlı, meyvəsi keyfiyyətli olmalıdır.Respublikamızda fındıq bağlarının 90%-ni Atababa sortu təşkil edir. Yeni bağlar salınarkən, praktiki olaraq təcrübədən keçmiş, daha yüksək keyfiyyət göstəricilərinə malik: Saçaxlı, Qalib, Qızıl, Gəncə, Topqara, Firavan, Ataulla, Elbarı, Barlı, Daş fındıq, Arzu, Yağlı sortları da əkilməsi üçün tövsiyə edilir.Yeni bağların salınması zamanı torpağın tipi və fiziki xüsusiyyətlərindən asılı olaraq sahənin seçilməsi, torpağın hazırlanması, fındıq sortlarının seçilməsi, əkin materialının hazırlanması, əkin sxemi, sahədə əsas və tozlayıcı sortların yerləşdirilməsi, çalaların qazılması, tinglərin düzgün əkilməsi və s. nəzərə alınmaslıdır.Əkilən tinglərin yüksək faizlə tutması, inkişaf etməsi, kolların uzun ömürlü olması, məhsuldarlığı və meyvələrin keyfiyyəti, sahənin düzgün seçilməsindən asılıdır.Yer seçilərkən sahənin torpağı, relyefi, yeraltı suların yerləşmə dərinliyi və s. hərtərəfli öyrənilməlidir. Relyefə görə yeni bağ salmaq üçün daha münasib düz və mailliyi 5-100 olan sahələrdir. Mailliyi çox olan yamaclarda terraslar düzəltməklə bağ salına bilər.Yeraltı suları torpaq səthinə yaxın olan bataqlaşmış, şoran torpaqlar fındıq üçün yararsızdır. Bağ salmaq üçün strukturlu, qida maddələri ilə zəngin, yüksək rütubət tutumu olan, hava və suyu yaxşı keçirən, suvarma üçün daha əlverişli olan torpaqlar seçilməlidir. Fındıq bağı üçün xam tala və meşə altından çıxan qara, qara-boz və şabalıdı torpaqlar daha əlverişli sayılır.

Fındıq tinglərinin əkilməsi -Fındıq payızda və yazda əkilir. Payız əkini daha yaxşı nəticə verir. Tingləri əkmək üçün hazırlanmış və bölünmüş sahədə çalalar qazılır. Çala qazılarkən yer hər iki tərəfdən nişanlanmalıdır ki, tinglər əkiləcək yer dəqiq olsun, əks halda cərgələrin düzgün olmamasına səbəb olar. Tinglərin əkilməsindən əvvəl plantaj şum aparlmış və mala çəkilmiş xam sahələrdə çalaların eni 70-80 sm, dərinliyi 60-70 sm, tarla bitkiləri altından çıxan sahələrdə isə çalaların eni 60-70 sm, dərinliyi 50- 60 sm, nisbətən daşlı torpaqlarda isə çalalar 100x100x70 sm ölçüdə olması tövsiyə edilir. Tingləri əkməzdən əvvəl çalalara çürümüş peyin, humuslu torpaqlardan ibarət qarışıq tökərək, konus şəklində təpəcik düzəldilir. Tingi həmin konusun üzərinə qoyaraq, köklər düzgün yerləşdirilir və torpağın dənəvər qatı ilə doldurulur. Kökləri torpaqla örtərkən, tingi yüngülcə tərpədib üstünü bərkidirik. Tingləri kök boğazına qədər torpaqla örtüldükdən sonra, su tökülməsi üçün çuxurvarı şəkildə və ya şırım üsulu ilə suvarılma aparılması üçün şərait yaradılmalıdır. Fərdi təsərrüfatlarda suvarılmadan sonra çuxurlar 3-5 sm qalınlıqda peyinlə mulçalayırlar. Torpağın münbitliyi uzun illər ərzində formalaşır. Torpaqda qida maddələrinin təmin olunma dərəcəsi, gübrə dozalarının nizamlanması, meyvə bağlarının gübrə normasına ehtiyacı bir sıra şərtlərdən asılı olaraq dəyişir. Bunlardan bağların əkildiyi torpaq və iqlim şəraiti, torpaqların münbitliyi, qida maddələrinin miqdarı, meyvə ağaclarının sıxlığı və ya seyrəkliyi, onların yaşı və əsasən də aparılan aqrotexniki tədbirlərdən birbaşa asılıdır. Ağacların əkildiyi torpaq və iqlim şəraiti, torpaqların münbitliyi, qida maddələrinin miqdarı, meyvə ağaclarının sıxlığı və ya seyrəkliyi, onların yaşı və əsasən də aparılan aqrotexniki tədbirlərdən birbaşa asılıdır.

Cavan fındıq bağlarına aqrotexniki qulluq- Fındıq bağlarına qulluq- bağaltı torpağın becərilməsindən, budanmadan, suvarılmadan, mineral, üzvi gübrələrin verilməsindən, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərindən və digər aqrotexniki qulluqdan ibarətdir. Məqsəd – tinglərin bitiş faizini artırmaq, bitkinin kök və yerüstü sisteminin inkişafını sürətləndirmək, məhsula düşməsini sürətləndirmək və bitkinin sağlam inkişafını təmin etməkdir.Cavan bağlarda əsasən aşağıda qeyd olunan aqrotexniki tədbirlər həyata keçirilir: Bölgə şəraitindən asılı olaraq cərgə aralarının qara herik və ya kənd təsərrüfatı bitkilərinin növbəli əkini ilə istifadəsi; Alaq otlarına qarşı mübarizə tədbiri olaraq gövdə ətrafının bellənməsi; Hava şəraitindən asılı olaraq vaxtaşırı suvarılması; Suvarılmadan sonra gövdə ətrafının yumşaldılması; Torpağın münbitləşdirilməsi; Payızda cərgə aralarına ağır mala çəkilməsi; 2-ci ildən başlayaraq formavermə və sonrakı illər budama və seyrəltmə tədbirlərinin həyata keçirilmə və s.

Cavan fındıq bağlarının cərgə aralarının səmərəli istifadəsi

Cavan fındıq bağlarında 10x8, 8x8, 8x6 qida sahəsi ilə əkildiyi zamanı, cərgə aralarına alçaqboylu tərəvəz və yem bitkiləri əkilir və ya qara herikdə saxlanılır. Əsasən ilk illərdə cərgə aralarına yonca səpilir ki, bu da həmçinin torpağın münbitləşməsini təmin edir. Təqribən 4 ildən sonra cərgə aralarının torpağı şumlanaraq siderat bitkilərdən yaşıl gübrə kimi istifadə edilir.Fındıq bağlarında ilk iki ildə cərgə aralarının qara herik şəklində və ya siderat bitkilərin əkilərək sahənin şumlanması tövsiyə edilir. Həmçinin mədəni çəmləmə, çimmi-çürüntülü, mulçalama, torpaqdan səmərəli istifadə etmək üçün sonrakı illər cərgə aralarına kənd təsərrüfatı bitkilərinin əkilməsi də həyata keçirilir. Bağlarda cərgə aralarının becərilməsində əsasən alçaqboylu bitkilər, tərəvəz, paxlalı bitkilər, yonca və s. əkilərək, bağın normal inkişafını təmin etmək şərti ilə aparılmalıdır. Belə ki, paxlalı bitkilər torpaqda inkişaf üçün vacib olan azot ehtiyatı yaradır, köklərdə toplanan azot ehtiyatı, vegetasiya başa çatdıqdan sonra da qalır.Cərgə aralarının istifadəsi bütün hallarda bağa maksimal qulluq edilməklə, gövdə ətrafı bellənməsi, hava-iqlim şəraitinə uyğun suvarma, torpağın yumşaldılması və s. kimi aqrotexniki qulluq tədbirlərinin həyata keçirilməsi şərti ilə həyata keçirilməlidir. Kol böyüdükcə belləmə dairəsi də genişlənməlidir.Cavan fındıq bağlarında cərgə aralarından səmərəli istifadə edərək bir sahədən iki məhsul əldə edilməsini təmin etməklə, həmin sahənin becərilməsini, bağın normal inkişafını təmin etmək, torpaqdan daha intensiv istifadə edərək, müəyyən gəlir əldə etməklə bir neçə il ərzində bağa qoyulmuş xərci ödəmək imkanı yaranar.Bağ sahəsinin həcmindən, relyef və torpağın strukturundan asılı olaraq və mövcud imkanları nəzərə alaraq fermerlə və fərdi təsərrüfatlar bir, yaxud bir neçə növ bitkilərin əkilməsindən istifadə edə bilərlər. Çalışmaq lazımdır ki, torpaqdan daha səmərəli istifadə edərək, daha çox gəlir əldə etmək imkanı yaransın.

Məhsuldar fındıq bağlarına aqrotexniki qulluq- Fındıq bağlarında məhsuldarlığı artırmaq, sağlam və keyfiyyətli məhsul əldə etmək üçün bütün aqrotexniki qulluq qaydalarına əməl edilməlidir: Qış aylarında bağların don vurmadan qorunması; Qida sahəsindən, bağın əkin sxemindən asılı olaraq bağlarda budama, iyun-iyul aylarında isə yaşıl budamanın aparılması; Çim-çürüntü becərmə sistemində saxlanıan sahələrdə, vegetasiya dövrü ərzində erkən yazda və payızda bir neçə dəfə cərgə aralarının ağır mala ilə 15 sm dərinlikdə malalanması; Vegetasiya dövrü ərzində cərgə aralarının otunun minimum 3 dəfə çalınması; Torpağın münbitləşdirilməsi- üzvi və mineral gübrələrin verilməsi; Topraq-iqlim şəraitindən asılı olaraq torpağın su rejiminin tənzimlənməsi (suvarma); Xəstəlik və zərərvericilərə qarşı kompleks mübarizə tədbirlərinin aparılması; Yaşlı, fəal məhsuldar dövrünü bitirmiş, baxımsız qalmış bağların yenidən cavanlaşdırılması, tədricən budaqdəyişmə üsulu ilə kolun bərpa edilməsi.

Fındıq bağlarının don vurmadan qorunması tədbirləri- Qış aylarında havanın temperaturu -8-100 C–dən yuxarı olduqda don vurmaya qarşı tədbirlər həyata keçirilir. Bağlarda asanlıqla yanan, çır- çırpı, saman və başqa yanan maddələr gətirilərək, əsasən küləyin əsdiyi istiqamətdə tüstü verilməlidir.

Fındıq bağlarının budanması (yaşıl budama)- Budamanın aparılması - bağın qida sahəsindən, əkin sxemindən аsılı olaraq gövdə və pöhrələrin saxlanması, çətirdə havanın sirkulyasiyasını təmin etmək, tozlanmanın normal getməsi üçün vacibdir. Budama üsulları: formaverici, nizamlayıcı, sağlamlaşdırıcı və cavanlaşdırıcıdır.Budama zamanı bağın qida sahəsindən, əkin sxemindən asılı olaraq gövdə və pöhrələrin sayının düzgün saxlanması ən vacib aqrotexniki tədbirlərdən biridir. Belə ki, məhsuldarlığın artması, keyfiyyətin yaxşılaşması, hər il bar verməni təmin etmək üçün düzgün budama və seyrəltmə aparılmalıdır ki, çətirdə küləyin sirkulyasiyası təmin olunsun, bitkinin inkişafı və tozlanma normal getsin. Respublikamızda qış fəslinin mülayim keçdiyinə görə iqlim şəraitindən asılı olaraq, payızda yarpaq töküldükdən sonra və yazda tumurcuqlar oyananadək budama işləri aparılır. Şaxtalı günlərdə budama aparılmamalıdır. Fındıq kolunun 200 ilə qədər yaşamasına baxmayaraq, sərbəst gövdələrin həyat fəaliyyəti 40 ildən artıq olmur. Fındığın fəal məhsuldar dövrü torpaq-iqlim şəraitindən asılı olarq təqribən 7-25 il davam edir. Sonralar tədricən məhsuldarlıq aşağı düşür, odur ki, kollarda gövdələr düzgün nizamlanmalı, yaşlı gövdələr kəsilərək cavan pöhrələrlə əvəz edilməlidir.Fındıq kolunda hər gövdə sərbəst kök sistemi əmələ gətirir. Fındıq kolunun gövdələri ömrü boyu dəyişir, kolda eyni zamanda müxtəlif yaşlı gövdələr: cavan zoğ və şivlər (1-5 illik), üzərində örtük budaqları, meyvə budaqcıqları olan gövdələr (5-25 yaşa qədər) və quruma mərhələsində olan gövdələr (25 yaşdan yuxarı) olur. Sıxlaşmış kollarda ayrı-ayrı gövdələrin həyat fəaliyyəti qısalır, ona görə də yaşlaşmış, xəstə, zədələnmiş gövdələrin müntəzəm olaraq kəsilib atılması vacibdir. Kəsilmiş gövdələri əvəz etmək üçün düz qalxan və güclü pöhrələr saxlanılmalıdır. Sortundan asılı olaraq fındıq bitkisi müxtəlif miqdarda pöhrə vermə qabiliyyətinə malikdir. Budama zamanı fındıq kolları arasında hər il əmələ gələn pöhrələrin kəsilməsi vacibdir, əks təqdirdə kolun məhsuldarlığının aşağı düşməsinə səbəb olur. Budama həmçinin xəstəlik və zərərvericilərin də yayılmasının qarşısını almağa imkan yaradır. Belə ki, daha çox yayılmış zərərvericilərdən olan yastıcaların, oduncaq çürüməsi xəstəliyinin meydana gəlməsini müəyyən qədər əngəlləmək üçün budama aparılması olduqca vacibdir. Həddindən artıq yaşlı, baxımsız qalmış, sıx fındıq bağlarında xəstəlik və zərərvericilərin yayılma etimalı daha çoxdur, çünki belə bağlarda bunun üçün əlverişli mühit yaranır. Yaşlı bağlarda həm də bitkilərdə mamırlanma baş verir. Ümumiyyətlə, yaşlı bağlarda bitkinin normal inkişafını təmin etmək üçün cavanlaşdırmanın aparılması daha məqsədəuyğundur. Cavanlaşdırma iki üsulla aparılır: 1) yaşlı gövdələri tamamilə kəsməklə, ancaq cavan pöhrələrin saxlanması. Lakin bu üsulun əlverişsiz cəhəti odur ki, belə bağlardan 4-5 il məhsul əldə etmək mümkün olmur. Bu üsulu ancaq böyük fındıq sahələri olan təsərrüfatlara tətbiq etmək daha münasibdir. Belə ki, bağı müəyyən hissələrə bölərək, növbəli şəkildə cavanlaşdırma aparılarsa, ümumi məhsulun azalmasına bir o qədər də təsir göstərmir. 2) yaşlaşmış gövdələrin tədricən budanması və cavanları ilə əvəz edilməsi üsulu daha səmərəlidir. Budama dərəcəsi kolun yaşından, sortun bioloji xüsusiyyətlərindən, çətirin sıxlığından, əsasən əkin sxemindən asılı olaraq 6-18 ədədə qədər saxlanılır. Mişarla aparılmış budamadan sonra, kəsilmiş gövdələrə bağ məlhəmi sürtülməsi bitkinin mühafizəsi üçün vacibdir.Vegetasiya dövrü ərzində fındıq bağlarında bir neçə dəfə yaz və yay aylarında pöhrələrin inkişafı prosesi gedir. Əsasən iyun-iyul aylarında pöhrələr daha güclü inkişaf edir ki, bu da məhsuldar gövdələrin qidasının mənimsənilməsinə, gövdələrin zəifləməsinə, məhsulun keyfiyyətsiz olmasına, məhsuldarlığın aşağı düşməsinə, xəstəlik və zərərvricilərin daha geniş yayılmasına səbəb olur. Hər il normal bar verməni, bitkinin sağlam inkişafını, yüksək məhsuldarlığı təmin etmək üçün, yay aylarında (iyun- iyul) yaşıl budamanın aparılması olduqca vacibdir.

Gübrələmə (torpağın mübitləşdirilməsi)-Fındıq bitkisinin kökləri üzdə olduğu üçün, torpağın üst qatının münbitləşdirilməsi olduqca vacibdir. Torpağın münbitliyindən asılı olaraq, yazda və payızda hər il gübrələnmə (əsasən üzvi gübrələr- peyin) aparılması məqsədəuyğundur. Ümumiyyətlə gübrələrin kompleks şəkildə payız aylarında verilməsi daha səmərəlidir.Cavan fındıq bağlarına üzvi və mineral gübrələrin kompleks şəkildə, məhsuldar bağlarda isə üzvi gübrələrin verilməsi daha məqsədəuyğundur. Üzvü gübrələrdən ən qiymətli və səmərəlisi çürümüş peyindir. Bundan əlavə torf, ağac yonqarı, yaşıl gübrə, quş zılı və s-dən istifadə edilir. Bölgəmizdə üzvi gübrələrin əldə edilməsi daha asan başa gəldiyi üçün, əhali arasında geniş istifadə edilir. Bağlarda torpağın münbitləşdirilməsi zamanı üzvi gübrələrdən istifadə edilməsi, insan orqanizminə mənfi təsir göstərməyəcək orqanik (ekoloji təmiz məhsul) məhsulla qidalanmanı, insan sağlamlığını təmin edər.Fosfor və kalium tərkibli mineral gübrələrinin həll olma müddəti nisbətən uzun olduğuna görə şum altına, azot gübrələrini isə yemləmə məqsədilə torpağın üst qatından verilir. Nisbətən qüvvəsini itirmiş baxımsız qalmış bağlara isə bitkilərin istirahət dövründə (payız-qış ayları) üzvi və mineral gübrələrin kompleks şəkildə verilməsi məqsədəuyğundur və bitkinin normal inkişafı və məhsuldarlığına çox müsbət təsir göstərir. Kolların böyüklıüyündən, yaşından, real vəziyyətindən asılı olaraq, gübrə normaları azaldıla və ya çoxaldıla bilər.

Fındıq bağlarının suvarılması- Torpaqda su rejiminin düzgün tənzimlənməsi bitkilərin inkişafına müsbət təsir edən amillərdən biridir. Suvarmada əsas məqsəd torpaqda normal rütubətin təmin edilməsindən ibarətdir. İl ərzində suvarmanın sayı ilin iqlim şəraitindən, torpağın quruluşundan (dəmyə və ya suvarılan), fiziki xüsusiyyətlərindən və tipindən, qrunt sularının torpaq səthinə nə dərəcədə yaxın olmasından asılıdır. Vegetasiya dövrünün sonunda qış suvarılması, həmçinin gəmiricilərə qarşı mübarizə tədbiri olaraq aparılır. Suvarılma əsasən: Meyvə budaqcıqlarının inkişafı; Yay aylarının quraq keçməsi şəraitində; Ləpə tutumu dövründə; Qış aylarında isə qış suvarılması aparılır. Bölgəmizdə suvarma sistemlərindən əsasən : Şırım üsulu – cərgə aralarında çəkilmiş 2 tərəfli şırımlardan su axıb şaquli istiqamətdə bitkinin dibindən torpağa hopur; Selləmə üsulu- su torpaqda tarla üzərinə nazik lay halında axarkən hopur. Bu üsulla əsasən taxıl sahələri suvarılır; Süni yağışyağdırma üsulu – maşınlar və çiləyici aparatlar vasitəsilə həyata keçirilir; Damcı üsulu - suvarma əsasən üzüm, çiyələk, çay plantasiyalarında, parniklərdə cərgə aralarında ana xətt və borularda bitkilərin dibinə dəliklərlə damcılanır. Bölgəmizdə cavan fındıq bağlarında şırım üsulu ilə, nisbətən yaşlı fəal məhsuldar bağlarda isə selləmə suvarma üsulundan istifadə edilir.

Payız-qış aylarında fındıq bağlarında aparılan aqrotexniki tədbirlər: Yazda bitkilərin oyanma dövründə payız-qış qulluğunun düzgün aparılması bitkilərinin inkişafına olduqca müsbət təsir göstərir. Belə ki: Cərgə aralarına ağır mala çəkilməsi; Gövdə ətrafının bellənməsi; Formavermə, budama, seyrəltmə, cavanlaşdırma aprılmalı; Torpağın münbitləşdirilməsi (üzvi və mineral gübrələr); Qış suvarması (torpaq-iqlim şəraitindən asılı olaraq); Xəstəliklərə qarşı mübarizə tədbirləri (xəzəlin, xəstə və zədəli budaqların sahədən təcrid edilməsi və s.); Zərərvericilərə qarşı mübarizə tədbirləri (gəmiricilərə aldadıcı yem qoyulması və s.).

Fındıq məhsulu yetişdikdən sonra keyfiyyətinə təsir edən amillər- Məhsulun yığılması, daşınması, qərzəkdə saxlanılması, qərzəkdən təmizlənməsi, çeşidlənməsi, qurudulması, qabıqlı fındığın saxlanması qaydalarına əməl etmək, qida məhsulu kimi istifadə edilən xam və emal olunana kənd təsərrüfatı məhsullarının keyfiyyət göstəriciləri olduqca vacibdir. Belə ki: Fındıq məhsulu ancaq tam bioloji yetişdikdə, özünə məxsus xüsusi spesifik rəng aldıqda (qəhvəyi), silkələnmə zamanı məhsul töküldükdə yığıla bilər; Yığım, daşınma və saxlanılmasında parça kisələrdən istifadə edilməlidir; Qərzəkdə saxlama dövründə torpaqla təmastda və nəm olmamalıdır; Vaxt və məhsul itkisinə yol verməmək üçün fındıq məhsulunu vaxtında və qərzəktəmizləyici aqreqatla təmizlənməsi daha məqsədəuyğundur; Zədəli, qırılmış, çartlamış və çürük məhsulların seçilərək, aflotoksin əmələ gəlməsini əngəlləmək üçün çeşidlənmə aparılmalıdır; Gizli çürüklərin qarşısını almaq məqsədilə, fındığın tam quruması (6%) təmin edilməlidir; Məhsul xəstəlik və zərərvericilərdən (əsasən gəmiricilərdən), eləcə də zədələnmədən mühafizə edilməlidir.

Fındıq məhsulunun yığılması- Fındıq yığımı Zaqafqaziyada sortların yetişmə müddətindən asılı olaraq iyul ayının 3-cü dekadasından başlayaraq, sentyabr ayınadək davam edir. Kütləvi fındıq yığımı isə avqust ayının 3-cü dekadasından başlayaraq, sentyabr ayının ortalarınadək olan dövrü əhatə edir. Tezyetişən- Kudryavçik, Çerkezskiy-1, Çerkezskiy-2 Futkurami, Pərzivan zərifi kimi sortlar iyul, avqust ayının əvvəlində, əksər sortlar isə- Atababa, Əşrəfi, Gəncə, Zaqatala-9, Saçaxlı, Qalib və s. sentyabr ayında yetişir. Fındıq yığımını başlamazdan əvvəl, bağda cərgə aralarının hazırlanması çox vacib bir məsələdir. Belə ki, yığıma 10 gün qalmış çəmənləmə üsulu ilə gərgə aralarının və kolun ətrafının otu biçilməli və ot sahədən çıxarılmalıdır. Fındıq kolunda meyvələr tədricən yetişdiyi üçün, yığım bir qayda olaraq gövdələri silkələməklə, hər 4-5 gündən bir olmaqla, mövsüm ərzində 3-4 dəfə yığılır. İlkin yığım zədəli fındıqların yığılması ilə, sonrakı yığımlar zamanı isə tam yetişmiş, sağlam fındıqlar silkələnərək, yerə tökülən qərzəkli və dən fındıqların toplanması ilə başlayır. Fındıq məhsulunun vaxtında və düzgün yığılması, məhsulun keyfiyyətinə çox böyük təsir göstərir. Belə ki, normal şəraitdə yığılmış fındıqların rəngi təbii, cəlbedici, parıltılı, ləpə çıxımı yüksək, sağlam, nəmliyi təqribən 12-14% olmaqla, keyfiyyəti qat-qat yüksək olur. Fındıqların tərkibindəki doymamış yağların miqdarı azalır, vitaminlərin miqdarı isə artır. Bundan əlavə məhsul bitkinin üstündəcə artıq ququyur, bu da qurumaya sərf olunan vaxta qənaət olunmasına səbəb olur. Sortun morfoloji xüsusiyyətlərindən asılı olaraq bəzi sortların qərzəyinin çox qısa olması (Qalib, Gəncə və s.) nəticəsində məhsul yerə tökülür və itkiyə səbəb olur. Belə hallara yol verməmək üçün məhsulun təmiz yığılması vacibdir. Fındıqların erkən yetişməmiş yığılması, məhsulun keyfiyyətinə mənfi təsir göstərir. Erkən yığım yalnız fındığın saxlama müddətini deyil, həmçinin ləpə çıxımı faizini də azaldır, məhsulun bürüşmüş, keyfiyyətsiz olmasına, xəstəliklərə sirayətlənməsinə səbəb olur ki, bu da gəlirin aşağı düşməsinə səbəb olur. Yetişməmiş fındıqlar silkələndikdə tökülmür, ona görə də didilərək yığılır. Kolun budaqları zədələnir, kövrək olur, gələn ilin məhsuldarlığı aşağı düşür, ümumiyyətlə bitkinin inkişafı zəifləyir. Fındıq məhsulunun qısa bir müddətdə yığılması çox vacibdir, belə ki, nə qədər intensiv yığılarsa, bir o qədər məhsul itkisi az olar. Bildiyimiz kimi, bu məhsulun düşmənləri olduqca çoxdur. Gəmiricilər (çöl siçanı, dələ, sincab, yenot, porsuq), iri heyvanlar (ayı, çöl donuzu, çaqqal, it, qoyun), hətta ev quşları (hind toyuğu, qaz, ördək) belə bu meyvə ilə qidalanırlar.

Məhsulun daşınması- Yığımdan sonra məhsulun daşınmasının təmiz nəqliyyat vasitəsi ilə yad cisimlər düşmədən, məhsulu əzmədən, zədələmədən, parça kisələrdən istifadə edərək həyata keçirilməli məhsulun keyfiyyətinə müsbət təsir göstərər.

Fındığın qərzəkdə saxlanması- Qərzəkli fındıq, yığımdan sonra quru, təmiz, hava yaxşı cərəyan edən anbarlarda saxlanılmalıdır. Məhsulu yığıldıqdan sonra, fındıq tığının hündürlüyü 30-40 sm-dən artıq olmamalı, quru yerdə sərilərək, altıaçıqlarda saxlanmalıdır. Təzə yığılmış məhsul nəmli olduğu üçün, həddindən artıq isinmənin qarşısını almaq məqsədilə, gün ərzində tez-tez qarışdırılmalıdır. əks təqdirdə, payızda havaların yağmurlu keçməsi ilə əlaqədar,  yağış  yağdıqda     islanmış məhsulun tərkibindəki mikroorqanizmlərin inkişafına əlverişli şərait yaranır, gizli çürümə prosesi gedir, bu da fındıq məhsulunun xarab olması prosesinin sürətlənməsinə, rənginin qaralmasına, keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Qərzəkli fındıq saxlanılan müddətdə torpaqla təmasda olmamalıdır. Məhsulun qərzəkdən təmizlənməsi Fındıq məhsulu çox saxlanılmadan 3-4 gün müddətində qırzık büzüşdükdən, solduqdan sonra təmizlənməlidir. Fındıq məhsulunun aqreqatla təmizlənməsi daha məqsədəuyğundur. Vaxtında təmizlənən fındıq məhsulunun keyfiyyəti yüksək olur, vaxt itkisinə yol verilmir, çürümənin qarşısını müəyyən qədər almaq mümkün olur. Həmçinin fındıq məhsulu xarici mühit amillərinin (gəmiricilər və digər heyvanlar, eləcə də insanlar) mənfi təsirinə də məruz qalır və məhsul itkisinə səbəb olur. Məhsulun keyfiyyətli, rənginin cəlbedici olması, daha yüksək gəlir əldə etmək imkanı yaradır.

Qabıqlı fındıq məhsulun çeşidlənməsi- Yığım, daşınma, qərzəkdən təmizləmə, qurutma zamanı, zədəli, çürük, qabığı çartlamış və qırılmış məhsulları çeşidləmək vacibdir. Eləcə də təsadüfən məhsulun içinə düşən yad cisimlər də təcrid edilməlidir. Zədəli və çürümüş məhsulların təcrid edilməsi, ümumi məhsulun keyfiyyətinə müsbət təsir göstərir. Əks təqdirdə məhsul kiflənərək, meyvənin boz çürüməsi, ləpənin çəhrayı kiflənməsi kimi xəstəliklərə sirayətlənməsinə səbəb olur, aflotoksin əmələ gəlməsinə zəmin yaranır.

Qabıqlı fındıq məhsulunun qurudulması- Qərzəkli fındıq tığda saxlanılan müddətdə ilkin quruma prosesi gedir. Belə ki, fərzəkli fındıq nəmli, rütubətli yerdə saxlanılarsa, qurudulma prosesi çətinləşər, kif və digər mikroorqanizmlərin inkişafına şərait yaranar. Günəşli günlərdə fındıq məhsulu əsasən açıq havada, nazik təbəqə ilə asfalt üzərinə sərilərək təbii şəkildə qurudulur. Bu zaman yerin təmiz olmasını təmin etmək, yad cisimlərin düşməsini əngəlləmək va- cibdir. Yağışlı havalarda isə quru, hava yaxşı cərəyan edən, təmiz, üstü örtülü anbarlardan istifadə edilməlidir. Məhsul 10-15 sm qalınlığında nazik təbəqə ilə sərilərək, gün ərzində dəfələrlə qarışdırılaraq qurudul- malıdır. Quruma 5-6% nəmlik qalanadək aparılır. Emal müəssisələrində fındıqların qurudulması 35-40 0 temperaturda qarışdırma və isitməyə nəzarət sistemlərinə malik quruducu şkaflarda aparılır. Fındıq ləpəsində zülalın zəngin olmasını yalnız tam qurutmaq və düzgün saxlamaqla təmin etmək olar. Anbarda saxlanılan fındıq məhsulu quru olmalıdır, əks təqdirdə ləpəsi asanlıqla kiflənir, qabığının rəngi qaralır. Fındıq ləpəsi asanlıqla rütubəti özünə çəkdiyi və nəmə həssas olduğu üçün düzgün qurudulması vacibdir. Fındığın yarımçıq qurudulması yolverilməzdir, bu xəstəliklərin mənbəyidir.

Qabıqlı fındıq məhsulunun saxlanması- Fındıq məhsulu qurudulduqdan sonra, parça kisələrdə yığılaraq, quru təmiz anbarda saxlanılmalıdır. Əhali arasında məhsul çox vaxt polietilen kisələrdə saxlanılır, bu da məhsulun havasız qalmasına və xarab olmasına səbəb olur. Məhsulun rəngi qaralır, dadı dəyişir, keyfiyyətsiz olur. Saxlama müddətində fındıq məhsulunun zədələnmədən qorunması çox vacib bir məsələdir. Belə ki, təsadüfən zədələnmə baş verərsə, ilk növbədə qabığı çartlamış və qırılmış fındıqlarda kiflənmə əmələ gəlir ki, bu da ümumi məhsulun keyfiyyətsiz olmasına, xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Parça kisələrdə məhsulu uzun müddət keyfiyyətini itirmədən saxlamaq mümkündür. Saxlama müddətində məhsul itkisinə yol verməmək üçün zərərvericilərdən qorunması da çox vacibdir. Əsasən gəmiricilərə qarşı tələ və ya yapışqan lent vasitələrindən istifadə edilməlidir. Qida məhsullarının təhlükəsiz olması üçün, toz halında olan zəhərli maddələrdən istifadə edilməsi tövsiyə edilmir. Normal şəraitdə saxlanılan fındıq məhsulunun keyfiyyətli olur ki, bu da gəlirin artmasına ikman yaradır. Azərbaycan fındığının keyfiyyətini qorumaq, dünya bazarında layiqıncə yer tutması üçün, fındıq bitkisinin becərilməsi, yığımı, qurudulması, saxlanması və emalı keyfiyyətli aparılmalıdır.

Keyfiyyətli fındıq məhsulu əldə etmək üçün bilinməsi vacib olan qulluq qaydaları: Fındıq məhsulunun keyfiyyətini artırmaq üçün, aşağıda göstərilən şərtlərə əməl edilməsi məqsədəuyğundur: Fındıq yığımı başlamazdan əvvəl, bağda cərgə aralarının hazırlanması çox vacib bir məsələdir. Belə ki, yığıma 10 gün qalmış cərgə aralarının və kolun ətrafının otu biçilməli, alaq otlarından təmizlənərək, ot sahədən çıxarılmalıdır; Yerə tökülən yararsız məhsullar toplanaraq sahədən çıxarılmalıdır. Bu xəstəlik və zərərvericilərə qarşı aparılan mühim əhəmiyyətli tədbir olmaqla yanaşı, məhsulun keyfiyyətinə təsir edən amillərdən biridir; Sortun bioloji xüsusiyyətlərinə görə, bağda sort müxtəlifliyi varsa, sortların yetişmə müddətindən asılı olaraq (tez, orta və gecyetişən) məhsulun vaxtında və tam yetişəndə yığılması çox vacibdir; Sortun morfoloji xüsusiyyətlərindən asılı olaraq, bəzi sortların qərzəyinin çox qısa olması nəticəsində məhsul yerə tökülür və itkiyə səbəb olur. Belə hallara yol verməmək üçün məhsulun təmiz yığılması vacibdir. Qalib, Gəncə, Topqara və s. fındıq sortları buna misaldır. Fındıq yığımı, məhsul tam yetişdikdən sonra özünə məxsus spesifik rəng (qəhvəyi) aldıqda, silkələnməsi zamanı əksər məhsul töküldüyü təqdirdə aparılmalıdır; Fındıq bir qayda olaraq gövdələr silkələnərək, kolda meyvələrin tədricən yetişməsini nəzərə alaraq 4-5 gün fərqi ilə 3-4 dəfə yığım aparılmalıdır. Məhsuldarlıqdan asılı olaraq 1-ci və 2-ci yığımda məhsul nisbətən yüksək, sonrakı yığımlarda isə azalır; Məhsulun didilərək yığılması yolverilməzdir, belə halda məhsul keyfiyyətsiz olur. Fındıq məhsulunun qısa bir müddətdə yığılması çox vacibdir. Belə ki, nə qədər intensiv yığılarsa bir o qədər məhsul itkisi az olar. Bildiyimiz kimi, bu məhsulun düşmənləri olduqca çoxdur. Gəmiricilər (çöl sıçanı, dələ, sincab və s.), iri heyvanlar (ayı, çöl donuzu, çaqqal, it, qoyun), ev quşları (hind toyuğu, qaz, ördək) belə bu meyvə ilə qidalanır; Məhsul yığımı və daşınma üçün ancaq parça kisələrdən istifadə edilməlidir. Kisələrdə uzun müddət saxlanması, əzilməsi və ya zədələnməsi yolverilməzdir; Məhsul quru, hava yaxşı sirkulyasiya edən anbarlarda saxlanılmalıdır; Payız dövründə, fındıq yığımı mövsümündə yağışlar çox yağdığı üçün fındıq məhsulunun quruması gecikdikdə, kiflər və digər mikroorqanizmlərin inkişafı üçün əlverişli şərait yaranır. Məhsul yağış altında, torpaqla təmasda olan, rütubətli yerdə saxlanılmamalıdır; Yığılmış məhsul tığlarının hündürlüyü 30-40 sm-dən çox olmamalıdır; Təzə yığılmış məhsul yaşıl halda nəmli olduğu üçün, isinmənin qarşısını almaq məqsədilə tez-tez qarışdırılmalıdır; Yığılmış məhsul 3-4 gündən artıq saxlanılmadan, qərzəklər bürüşdükdən, solduqdan sonra təmizlənməlidir.

Standart fındıq məhsulu-Qabıqlı fındıq: tam yetişmış cəlbedici qəhvəyi rəngli məhsul, standartlara uyğun çeşidlənmiş məhsul, əsasən 25-28 kq-lıq cut (parça) kisələrdə qablaşdırılmış, sort qarışığı olmadan, emal kolibasiyasına uyğun gələn sortlar (əsasən Atababa) , 13-15, 15-17, 17+ kolibirli, nəmliyi 16-18%-dən çox olmayan, lazımi səviyyədə saxlama anbarında tədarük edilmiş. Fındıq ləpəsi: standartlara uyğun çeşidlənmiş məhsul, yüksək səviyyədə qurudulmuş (nəmliyi 5,5-6,0 %), çürüyü 2,0%-dən çox olmamalı, ekalojı cəhətdən təmiz, xəstəlik və zərərvericilərlə zədələnməmiş, yağlılığı 60-68%, dadı və qoxusu özünəməxsus, dolu və sağlam məhsul, 9-11, 11-13, 13-15, 15+ kalibirli ləpə , saxlama müddəti: 1 il, +01 - +050 C temperaturda.

Qərzəkli meyvə bitkilərinin istehsalının inkişafı nəyə görə aktualdır? Tərkibi zəngin olan qiymətli qida məhsuludur; Ləpəsi yüksək koloriyə malikdir; Əhalinin davamlı gəlir mənbəyidir, Bazar tələbatı yüksək məhsuldur; Qənnadı sənayesində əsas xam-mal mənbəyidir; Mebel sənayesində geniş istifadə edilir; Təbabətdə ürək-damar xəstəliklərinin müalicəsində əvəzolunmazdır; Qabığından yanacaq kimi istifadə edilir; Daşınmaya və nəqliyyata olduqca davamlıdır; Ekoloji təmiz məhsuldur; Şoran torpaqlardan başda digər butun torpaqlarda becərilir; Şaxtaya və quraqlığa, xəstəlik və zərərvericilərə nisbi davamlıdır; Əkin materialının əldə edilməsi asandır.

Bitki mühafizəsi üsulları- Xəstəlik və zərərvericilərin yayılması təsadüfən meydana gəlmir. Bitkiləri mühafizə etmək üçün mübarizə üsullarını bilmək çox vacibdir. Xəstəlik və zərərvericilərə qarşı mübarizə üsullarının birinin intensiv aparılması bir o qədər effekt vermir. Ancaq kompleks şəkildə mübarizə tədbirlərini aparmaqla, bitkiləri düzgün mühafizə etmək olar. Bitki mühafizəsi: aqrotexniki, mexaniki, bioloji, mikrobioloji, karantin, kimyəvi üsulları mövcuddur.Bitki mühafizəsinin təqvim və iş planı: Erkən yaz dövrü (mart, aprel ayının əvvəli)– bu dövrdə xəstəlik və zərərvcericilər bitkiləri zədələmir. Onlar hələ qışlama yerlərində- xəzəlin, qabığın altında, torpağın üst qatlarında olurlar. Erkən yazda əsasən aqrotexniki, mexaniki mübarizə tədbirləri aparılır. Yaz dövrü (aprel ayının axırı, may ayı) – bu tumurcuqların şişməsi dövrüdür. Qışlama yerlərindən zərərvericilərin tırtılları, sürfələri, gənələr çıxaraq yenicə əmələ gələn yarpaqları, tumurcuqları zədələyirlər. Zərərvericilərin oyanma dovründə bitki mühafizəsinin kompleks mübarizə tədbirləri aparılmalıdır. Yay dövrü (may ayının axırı, sentyabr ayı)– bu dövr vegetasiya dövrünün demək olar ki, hamısını əhatə edir, xəzəlləmənin başlanması ilə başa çatır. Əksər bitkilərin çiçəkləmə dövrüdür. Bu dövrdə əsasən kimyəvi mübarizə üsulundan istifadə edilməsinə baxmayaraq, tədbirlər çıx ehtiyatla aparılmalıdır. Çünki çiçəklə dövründə çiləmə aparılmamalıdır, həm də bitki nektarı ilə qidalanan faydalı həşəratların məhvinə səbəb ola bilər. Yay dövründə meyvəcikləri zədələyən zərərvericilərlə mübarizə ön plana çəkilir. Payız-qış dövrü (oktyabr-fevral ayları)– bu dövrdə xəstəlik və zərərvericilər fəaliyyətlərini tamamlayaraq qışlamaya hazırlaşırlar. Bir çox zərərvericilər qabıq, xəzəl altında, torpağın üst qatlarında qışlayırlar ki, bunlar əsasən göbələk xəstəliklərinin törədiciləridirlər. Ona görə də, bu dövrdə kompleks mübarizə tədbirləri aparılmalıdır.

Fındıq bitkisinin Şəki-Zaqatala bölgəsində daha geniş yayılan xəstəlik və zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri- Bitki xəstəlikləri 2 yerə bölünür: yoluxucu və qeyri-yoluxucu xəstəliklər. Yoluxucu xəstəliklər- canlı mikroorqanizmlər, göbələklər, bakteriyalar, viruslar tərəfindən yaranır. Qeyri-yoluxucu xəstəliklər – xarici mühit amillərinin təsirindən yaranır.Məsələn: iqlim şəraiti-şaxtavurma, quraqlıq, qar, dolu, güclü küləklər, torpağın tərkibinin zənginliyi, su rejimi- nəmliyin az və ya çox olması, gübrələrdən (üzvi və mineral) düzgün istifadə, sağlam əkin materialı və onun düzgün əkilməsi, mexaniki-insan, heyvan, nəqliyyatın təsiri və s.

Şəki-Zaqatala bölgəsində daha geniş yayılmış fındıq bitkisinin xəstəlikləri

Bunlar göbələk, virus, bakteriya xəstəlikləri olub, əlverişli mühitə düşərsə, iqlim şəraitindən asılı olaraq, rütubətli yay aylarında daha çox yayılıb artırlar. Fındıq xəstəlikləri çox vaxt təbii amil şəraitindən birbaşa asılıdır. Payız və yaz aylarında, uzun müddət davam edən yağışlar və ya şaxtalı qış bitkini zəiflədir və patogenlərə səbəb olur. Sıx əkinlər, düzgün aparılmayan aqrotexniki qulluq, laqeyd budama, mexaniki zədələr kimi düzgün olmayan kənd təsərrüfatı təcrübələri də infeksiya üçün ideal şərait yaradır. Torpağın tükənməsi, qida maddələrinin çatışmazlığı, xüsusən də kalium və ya maqnezium, xəstəliklərə qarşı müqaviməti azaldır. Profilaktik tədbirlərin aparılmaması, fungisidlərin tətbiq edilməməsi və ya xəzəlin təmizlənməsi patogenlərin toplanmasına səbəb olur. Xəstəliklərin qarşısını müəyyən qədər almaq üçün, payız-qış dövründə xəzəlləmədən sonra, yarpaqların yığılaraq sahədən təcrid edilərək yandırılması, burada qışlayan zərərvericilərin məhvinə səbəb olar. Bundan əlavə vegetasiya dövründə tumurcuqlar açılınca və ya çiçəkləmədən sonra bir neçə dəfə dərman preparatları çiləməklə kimyəvi mübarizə tədbiri, həmçinin budama və formavermə, seyrəltmə aparılmaqla, çətirdə havanın sirkulyasiyasını təmin etmək lazımdır. Kolların gövdə ətraflarının bellənməsi də, xəstəliklərə qarşı mübarizədə müsbət təsir göstərir.Şəki-Zaqatala bölgəsində fındıq bağlarında əsasən: unlu şeh, mozaika, yarpağın qonur ləkəliyi, fındığın budaq xərçəngi, oduncaq çürüməsi və aflotoksin  xəstəlikləri daha çox təsadüf edilir.

Unlu şeh – (Phyllactinia suffulta Sacc coryli ) və ya külləmə göbələk mənşəli xəstəlikdir. Fındıqda, ümumiyyətlə bütün bitkilərdə ən çox yayılmış göbələk xəstəliklərindən biridir. Yarpaq ayasının üzərində unlu toz təbəqəsi əmələ gəlir ki, bu qat tez itir, yayın ikinci yarısında əvvəl qızılı, sona isə qara nöqtələr şəklində göbələklər görünür və yarpaqların tez tökülməsinə səbəb olur. Şəki-Zaqatala bölgəsinin iqlimi rütubətli, illik yağıntının miqdarı 1200 mm-dən artıq olduğuna görə, burada unlu şeh xəstəliyi geniş yayılmışdır. Bu xəstəlik, digər xəstəliklər və zərərvericilərin də yayılmasına şərait yaradır. Mübarizə tədbirləri: Xəstəliyin qarşısını müəyyən qədər almaq üçün, prafilaktik olaraq ilk növbədə tumurcuqlar açılınca, erkən yazda 1%-li Bordo mayesi ilə çiləmə aparılmalıdır.Pöhrələrin            uzunluğu        25-30  sm       olduqda, yarpaqlar normal böyüklükdə, təsiredici maddəsi Penkonazol, Propineb, Hexakonazol, Fenbukanazol olan preparatlardan biri ilə kimyəvi mübarizə aparılmalıdır. Praktik tədbirlərdən biri də, iyun-avqust aylarında fındıq kollarının bir neçə dəfə yaşıl budanması vacibdir. Yaşıl budamanın aparılması, unlu şeh xəstəliyinə qarşı mübarizənin 70%-nin həll olması deməkdir. Belə ki, inkişaf edən yeni pöhrələr kolda havanın sirkulyasiya etməsinə mane olur və xəstəliyin sürətlə yayılmasına səbəb olur.

Mozaika (Apple mozaic ilarvirus Ap MV)- virus mənşəli xəstəlikdir. Yarpaqlarda parlaq sarı, alabəzək halqa şəkilli ləkələr müşahidə olunur. Xəstəliyi Apple Mosaic virusu törədir, simptomlar alma mozaika virusundan qaynaqlanır. Bəzi növlərdə patogen uzun müddət (2-3 il) gizli qala bilər.Mozaika simptomları yarpaq çıxdıqdan dərhal sonra görünür. Simptomlar ən çox may-iyun aylarında özünü göstərir və isti havanın başlaması ilə simptomlar maskalanır. Xəstəliyin daşıyıcısı əsasən mənənələr və digər sorucu ağız aparatına malik olan həşəratlardır. Xəstəliyin yayılması və inkişafı əkin materiallarının istehsalı zamanı formalaşan fitosanitar durumdan asılıdır. Sağlam əkin materialı əsas şərtdir. Xəstəliyin inkişafı 37-380 C temperaturda məhdudlaşır. Mübarizə tədbirləri: İyun-iyul aylarında mənənələrə qarşı təsiredici maddəsi İmidaxloprid və Asetamipirid olan preparatlarla mübarizə aparılmalıdır. Mozaika xəstəliyində də, unlu şehdə olduğu kimi prafilaktik olaraq ilk növbədə tumurcuqlar açılınca erkən yazda 1 %-li Bordo mayesi ilə çilənməsi cə yaşıl budanma aparılması müsbət nəticə verir.

Bakterial yanıq (Xanthomonas corylina Mill. Burkholer) bakteriya mənşəli təhlükəli bir xəstəlikdir. Xəstəlik özünü tumurcuqlarda, yarpaqlarda, meyvələrdə, budaqlarda və gövdələrdə göstərir. Yarpaqlarda əvvəlcə sarı-yaşıl, daha sonra isə qırmızı-qəhvəyi rəngli, daha açıq mərkəzli kiçik ləkələr əmələ gəlir. Tumurcuqlarda zədələnmə qırmızı- qəhvəyi ləkələr kimi görünür və bu da onların qurumasına səbəb olur. Meyvələr ləpə əmələ gətirməyə vaxt tapmadan nekrotik hala gəlir. Xəstəlik əsasən 10 yaşdan kiçik bitkilərə təsir edir. Bakteriyaların inkişafı üçün minimum 5-70 C, optimal 28-320 C, maksimal 370 C temperatur tələb olunur. Torpağı malçlamaq və su rejiminə nəzarət etmək vacibdir. Yüksək rütubətli şəraitdə, 22-25°C temperaturda, həşəratlar, yağış və ya kənd təsərrüfatı alətləri tərəfindən yayılır. Kütləvi budaqların qurumasına, məhsuldarlığın azalmasına və ümumiyyətlə bitkinin məhv olmasına səbəb olur.Mübarizə tədbirləri: Təsirə məruz qalan budaqları payızda və ya erkən yazda budayaraq, kəsilmiş yer dezinfeksiya edilməli və kəsilmiş budaqlar sahədən təcrid edilməlidir. Birinci müalicə yarpaq tumurcuqları açıldıqda, ikincisi isə meyvə əmələ gəlməsi dövründə aparılır. 1%-li Bordo mayesi və ya mis tərkibli preparatlar çilənir.

Yarpaqların qonur ləkəliyi (Phyllosticta corylaria) göbələk mənşəli xəstəlikdir. Meyvə bitkiləri üzərində ən geniş yayılmış və daha çox məhsul itkisinə səbəb olan xəstəlikdir. Xəstəliyə yoluxmuş çiçək, yarpaq  və  meyvələrin  üzərində  tünd-boz,  qonur  məxməri  ləkələr formalaşır. May ayının axırlarında və ilun ayının əvvəllərində yarpaqlarda və cavan zoğlarda diametri 5-6 mm-dən 3.0 sm-ə qədər olan tünd haşiyəli qəhvəyi və ya oxra-sarı rəngli konsentrik formalı ləkələr əmələ gəlir. Ləkələr gözlə asanlıqla görünür, əvvəlcə qonur rəngdə olur, sonra isə çirkli ağ rəngə çevrilir. Bu ləkələr üzərində qara nöqtələr şəklində göbələkləri müşahidə etmək heç də çətin deyildir. Xəstələnmiş yarpaqlar quruyaraq vaxtından əvvəl tökülür, cavan zoğlar əyilərək boy artımı dayanır, ümumiyyətlə inkişaf normal getmir və quruma prosesi gedir. Vaxtından əvvəl yarpaq tökülməsi, fotosintez prosesinin pozulmasına və məhsuldarlığın azalmasına səbəb olur. Xəstəliyin yaranma səbəbi, uzun müddətli yağışlı, rütubətli hava şəraiti, zəifləmiş, baxımsız bitkilər və tökülmüş yarpaqlarda göbələklərin inkişafıdır. Mübarizə tədbirləri- 1%-li Bordo məhlulu və onun əvəzedicilərindən istifadə etməklə vegetasiya dövrü ərzində 3-4 dəfə prafilaktik olaraq çiləmə aparılmalıdır.

Fındığın budaq xərçəngi (Nectria galligena Samuels Rossman)- göbələk mənşəli xəstəlikdir. Bitkidə oduncağın dərinliyinə qədər inkişaf edir və bitkinin tədricən quruyaraq məhv olmasına səbəb olur. Bu göbələk xəstəliyinə nisbətən yaşlı, baxımsız qalan fındıq bağlarında da təsadüf edilir. Xərçəng törədiciləri ölü qabıqların altında, çatların arasında, qırmızı rəngli sporlar şəklində yaşayır. Xəstəliyə tutulan budaqlar və gövdələr çürüyür, kövrək olur, asanlıqla qırılır. Zoğlar əyilərək boy artımı dayanır, ümumiyyətlə bitkinin inkişafı normal getmir. Göbələk sporları 20-300 C temperaturda inkişaf edir və rütubətli illərdə daha sürətlə yayılır və yeni xəstəlik mənbələrinin əmələ gəlməsinə səbəb olur. Mübarizə tədbirləri: kompleks aqrotexniki tədbirlərin tətbiq edilməsi, seyrəltmə, budama işlərini aparmaqla çətirdə havanın sirkulyasiyasını təmin etmək, xəstə və zədəli budaqların kəsilərək sahədən təcrid edilməsi vacibdir. Bitkinin yoluxmuş hissəsini, sağlam toxumayadək təmizləməklə, həmin hissəyə ardıc qətranı, əhəngli göydaş sürtülür. Erkən yazda və payızda, 1%-li Bordo məhlulu ilə mübarizə xəstəliyin azalmasına səbəb olur.

Fındığın kök çürüməsi (Armillariya mellea Kumm.) xəstəliyi göbələklər törədir. Əsasən baxımsız qalmış, tükənmiş fındıq bağlarında daha çox təsadüf edilir. Ağacların kök boğazında meydana gəlir və dibə doğru getdikcə 10-15 sm ölçüdə sarımtıl- qəhvəyi papaqlı göbələklər müşahidə ediliur. Göbələk torpaqda və bitki toxumasında yaşayır. Xəstəlik temperatur və yüksək rütubətin kəskin dəyişilməsi zamanı daha çox inkişaf edir, budaqlar elastikliyini itirir, kövrək olur, zəifləyir və asanlıqla qırılır. Rütubətli yerlərdə daha yaxşı inkişaf edir, bitkinin yerüstü hissələrin solmasına, köklərin çürüməsi və bitkinin qurumasına səbəb olur. Mübarizə tədbirləri: xəstəliyin qarşısını almaq üçün sağlam əkin materialından istifadə edilməlidir. Xəstəliyin ilk dövründə zədəli köklər kəsilməli, bitki ətrafı açılmalı və həmin yerlər əhənglə kükürd, göydaşla əhəng, və ya xlorlu əhəng məhlulu çilənməlidir. Xəstəlik bitkinin bütün köklərinə sirayətlənibsə, bitki kökündən çıxarılaraq bağdan kənarlaşdırılmalı, yerinə isə sönməmiş əhəng tökülərək, funqisidlərlə müalicə olunmalı, 2-3 il ərzində həmin yerə heç bir bitki əkilməməlidir.

Kif xəstəliyi- aflotoksin- fındıq məhsulunda Asperqillus flavus və Asperqius parastikus adlı kif göbələkləri, insan üçün zəhərli maddə olan aflotoksini əmələ gətirir və bu oqranizmlər insan sağlamlığına təhlükə yaratmaqla, konserogen (xərçəng əmələ gətirən) maddə olub, qaraciyər və bağırsaqda proseslərin hormonal pozulmasına səbəb olur. Həmçinin hər il kənd təsərrüfatı məhsullarının əksər hissəsinin məhv olmasına səbəb olurl. Qida maddəsi kimi istehsal olunan xam və emal olunmuş kənd təsərrüfatı məhsullarının keyfiyyəti və etibarlı olması olduqca vacibdir. Fındıq bağlarına mineral gübrələrin həddindən artıq verilməsi, məhsul yetişdikdən sonra ləpədə gizli çürüklərin- aflotoksinin əmələ gəlməsinə səbəb olur. Belə ki, fındıq məhsulu yetişdikdən sonra laımi aqrotexniki qulluq qaydalarına əməl edilməməsi keyfiyyətin aşağı düşməsi ilə nəticələnir. Təzə yığılmış qərzəkli məhsul nəmli olduğu üçün, isinməyə məruz qalır və nəticədə xətəlik və zərərvericilərin yayılmasına münbit şərait yaranır. Gündəlik həyatımızda tez-tez rast gəlinən və demək olar ki, bütün növ ərzaq məhsullarında yarana bilən kiflər (funquslar) son zamanlar çox ciddi tədqiqat mövzusuna çevrilmişdir. Kif göbələkləri müvafiq şərtlər altında xam, həm də emal olunmuş məhsullar üzərində artaraq məhsulun keyfiyyətinin dəyişməsinə, eyni zamanda insan səhəti üçün təhlükə yarada biləcək zəhərli maddələrin yaranmasına səbəb ola bilər. Kif göbələkləri fındıqda zülali maddələrin parçalanmasına və tərkibinin dəyişərək məhsulun çürüməsinə və nəticədə toksin yaranmasına səbəb olur. Qiymətli qida məhsulu, əhalinin əsas davamlı gəlir mənbəyi olan fındığın dünya bazarında layiqli yerini tutması üçün, kəmiyyətə deyil keyfiyyətə üstünlük verilməsi olduqca vacibdir. Mübarizə tədbirləri: ekoloji təmiz məhsulların əldə edilməsi üçün vegetasiya müddəti ərzində aparılan aqrotexniki tədbirlərlə yanaşı, həm də məhsul yetişdikdən sonra icra ediən qulluq qaydalarından da çox asılıdır. Məhsul ancaq tam bioloji yetişdikdə, özünəməxsus xüsusi spesifik rəng (qəhvəyi) aldıqda yığılmalıdır. Qərzəkli fındıq məhsulu yığımdan sonra, quru, təmiz, üstüörtülü, hava yaxşı cərəyan edən anbarlarda saxlanmalıdır. Fındıq tığının hündürlüyü 40-50 sm-dən artıq olmadan, saxlanılan müddətdə torpaqla təmasta olmamalı, gün ərzində bir neçə dəfə qarışdırılmalıdır. Qərzəkdən təmizlənmiş qabıqlı fındıq məhsulu təbii yolla günəş altında və ya emal müəssisələrində quruducu şkaflarda 6% nəmlik qalana qədər qurudulmalı, qırılmış və ya zədəli fındıqlar çeşidlənməli, quru şəraitdə, ancaq cut (parça) kisələrdə saxlanılmalıdır.

Şəki-Zaqatala bölgəsində daha geniş yayılmış fındıq bitkisinin zərəvericiləri- Əlverişsiz ətraf            mühit  şəraitinə davamlılığı və yüksək məhsuldarlığı    (düzgün sort  seçimi ilə)      sayəsində            fındıq bitkinin bölgəmizdə böyük potensialı vardır. Lakin, fındıq istehsalı inkişaf etdikcə fındıq zərərvericilərinin də sayı artır. Hazırda fındığın ənənəvi sənaye məhsulu olduğu ölkələrdə zərərvericilərin vurduğu zərər 20-30% təşkil edir. Lakin, hava şəraiti zərərvericilər üçün əlverişlidirsə və bitkiyə normal aqrotexniki qulluq göstərilmədiyi təqdirdə, itkilər 80%-ə qədər arta bilər. Şəki-Zaqatala bölgəsində fındıq bağlarında əsasən: fındıq uzunburunu, fındığın tumurcuq gənəsi, fındıq bığlıçası və ya oduncaq böcəyi, fındıq mənənəsi, qızılağac yarpaqyeyəni, akasiya yalançı çanaqlı yastıcası, qəhvəyi mərmər bağacığı, amerika ağ kəpənəyi, gəmiricilər, quşlar, iri heyvanlar zərərvericilərinə daha çox təsadüf edilir.

Fındıq uzunburunu- (Curculio nucum Linnaeus) fındığın başlıca və ən çox yayılmış zərərvericisi hesab edilir. Nazik qabıqlı fındıq sortlarının (Əşrəfi, Zaqatala-9, Qəbələ-68, Daş fındıq, Mirzəbəyli, Kadetten, Nana, Abxaz xırda, Abxaz orta, Bolşoy pyostrıy, Kassina, Sanviovanni, Notinqemskiy-2, Seyanes Djiva, Nesret, TVRL, Ennis, Butter, Sivri mazi, Çerkezskiy-1, Çerkezskiy-2, Trabzon, Tabestaneh, Fertil, Bars sellernus, K-9/5) məhsulunun 50%-ni məhv edir. Uzunburuna qarşı davamlı fındıq sortu yoxdur, lakin müxtəlif sortlarda zədələnmə dərəcəsi müxtəlifdir. Bu, 6-9 mm uzunluğunda olan elepsvari formalı, xortumlu, bədəni qara rəngli, sarımtıl pulcuqlarla örtülmüş böcəkdir. Sürfə halında torpaqda 20-25 sm dərinlikdə qışlayır. Yazda aprel ayında puplaşır və bu proses 15-20 gün davam edir. Havanın istiliyi +15-160C olduqda böcəklər pupdan çıxır. Böcəklərin uçması aprel ayının sonundan iyun ayına qədər davam edir. Yazda qışlamadan çıxan böcəklər əvvəl kolun yaşıl hissələri ilə, açılmaqda olan tumurcuqlarla, sonra isə yarpaqlarla və zərif meyvəciklərlə qidalanırlar. May ayının axırı, iyun ayının 1-ci dekadasında dişi böcəklər, inkişafda olan zərif meyvəciklərin üstündə, iti ağız aparatı ilə oyuq əmələ gətirirlər və həmin oyuğa yumurta qoymağa başlayırlar. Bu böcək il ərzində bir nəsil verir, hər meyvəyə bir yumurta qoymaqla, 50-60-a qədər yumurta qoyur. Ağ rəngli olan yumurtaların inkişafı 5-7 gün davam edir və bu yumurtalardan sürfələr çıxır. Sürfələrin kütləvi surətdə çıxması iyun ayının ortalarına təsadüf edir. Sürfələr meyvənin daxilində inkişafda olan ləpə ilə qidalanırlar və ləpəni tam yeyərək məhv edirlər. Iyul ayında inkişafını bitirmiş sürfələr, hələ bərkiməmiş fındıq qabığını daxildən deşərək meyvədən çıxır və torpağa düşərək 20-25 sm dərinlikdə qışlayırlar. Uzunburun il ərzində bir nəsil verir, bu böcəklərin vurduğu zədə nəticəsində, məhsul vaxtından tez tökülür. Mübarizə tədbirləri: həşəratların sürfələri payızda torpaqda qışladığı üçün gövdə ətrafı bellənməli, tökülmüş zədəli məhsullar müntəzəm olaraq yığılmalı və məhv edilməlidir. Kütləvi uçuş dövründə (aprel-may aylarında) təsiredici maddəsi 250 q/lt Carbosulfan olan Markasil 25EC 0,5 l/ha , Aktara 250 KE 0,2 l/ha, 0.2%-li Bi-58, 85% Corbayl olan dərman preparatlarından biri ilə çilənmə aparılmalıdır.

Fındığın tumurcuq gənəsi- (Phytoptus avellanae Nalepa.) ağımtıl rəngli, 0,2-0,3 mm uzunluğunda, çox kiçik uzunsov formalı mikroskopik orqanizmlərdir. Fındıq bağlarında çox təsadüf olunur. Bu zərərvericilər dişi çiçək tumurcuğunu zədələyirlər. Belə ki, zədələnmiş tumutcuq deformasiyaya uğrayır, ölçüsü böyüyür, şişir, partlayaraq qırmızı-zoğalı rəngə boyanır, qeyri-adi kələm şəklini alır. Nəticədə bu çiçəklərdən məhsul əmələ gəlmir. Gənəciklər çıçək və yarpaqların şirəsini sorur, may ayının əvvəlinədək sürətlə çoxalır və vegetasiya müddətində bir neçə nəsil verir. Gənəciklər yumurtalarını tumurcuqların, yarpaqların üzərinə qoyur, onları zədələyir və tökülməsinə səbəb olur. Gənəciklərin miqrasiya dövrü 30-50 gün davam edir, ona görə də mübarizə tədbirlərinin bir neçə dəfə təkrar edilməsi məqsədəuyğundur. Mübarizə tədbirləri: tumurcuq gənələri mayın ortaları ilə iyunun ortaları arasında kütləvi şəkildə zədələnmiş tumurcuqları tərk etdiyindən, bu zaman fındıq bağları akarisidlərlə müalicə olunur. Sistem təsirli 20% Aleron 50 EC, Abagard 7,5 ml/100 l, Torchy 550 SC 30 ml/100 l preparatlardan biri ilə çiləmə aparılır. Gənc bitkilərdə zədələnmiş tumurcuqlar əl ilə toplanır və məhv edilir.

Fındıq bığlıçası və ya oduncaq böcəyi- (Oberea linearis Linnaeus) bu zərərvericilər qara rəngli 11-16 mm uzunluğunda uzunsov formalı böcəklərdir. Bığları bədənlərinin yarısından uzun olur. May ayının sonu, iyun ayının əvvəllərində cütləşirlər. Yazda bu böcəklər fındığın 1-2 illik cavan zoğlarının qabığını gəmirərək altına yumurta qoyurlar. Yumurtadan çıxan sürfələr zoğların özəyi ilə qidalanaraq, aşağı və yuxarı istiqamətdə 40-50 sm uzunluğunda kanallar əmələ gətirirlər. Sürfələr zoğların içərisində qışlayırlar. Bu böcəklər 2 ildə 1 nəsil verir. Bu zərərvericilərlə zədələnən fındıq budaqlarının yarpaqları 1-ci il yay fəslində solmuş və büzüşmüş olur, sonra həmin zoğlar ucdan quruyaraq sınırlar. 2-ci il zədələnmiş 1-3 illik zoğlar tamamilə məhv olurlar. Ümumiyyətlə bu zərərvericilərin təsirindən fındıq kolunun inkişafı xeyli zəifləyir, məhsuldarlığı aşağı düşür, bitkinin quruyaraq məhv olmasına səbəb olur. Mübarizə tədbirləri: Böcəyin yumurta qoymazdan əvvəl qidalanma dövründə (may ayının ortaları) fındıq bağının insektisidlərlə çilənməsi daha məqsədəuyğundur. təsiredici maddəsi 250 q/lt Carbosulfan olan Markasil 25EC 0,5 l/ha , Aktara 250 KE 0,2 l/ha, 0.2%-li Bi-58, 85% Corbayl , Fufanon 1,0 l/ha, Danadim Expert 0,8-2,0 kq/ha olmaqla dərman preparatlarından  biri  ilə   çilənmə  aparılmalıdır.  Zərərvericilər  ilə

sirayətlənmiş zoğ və budaqcıqlar ölü sahədən 10-15 sm aşağıda məsafədə kəsilərək sahədən təcrid edilməlidir.

Fındıq mənənəsi- (Myzocallis corly Goeze) qərzəklilərdə iri və kiçik mənənələrə çox təsadüf edilir. Bunlar qanadlı və qanadsız, qonur- sarımtıl rəngli, 1,3-2,2 mm ölçüdə həşəratlardır. Qışlamış yumurtalardan çıxan sürfələr aprelin sonu - mayın əvvəlində görünməyə başlayır. Vegetasiya dövrü ərzində populyasiyanın iki inkişaf tsikli olur: yaz və payız. Yarpaq ayasının alt və üst hissəsində cərgə ilə düzülərək dəstə halında yaşayırlar. Bu zərərvericilər yarpağın şirəsini sormaqla qidalanırlar və virus xəstəliklərinin yaranmasına səbəb ola bilirlər. Əlverişli şəraitdə zərərvericilər gənc tumurcuqları tamamilə məhv edirlər. Mənənələr qidalandığı zaman yapışqanlı maddə ifraz edirlər ki, bu maddə üzərində saprotrof göbələklər də inkişaf edərək çoxalır. Mənənələr kütləvi halda çoxalır, intensiv dövrü aprel-iyun aylarına təsadüf edir. Bu zərərvericilər ilə sirayətlənmiş bitkilərin yarpaqlarının qurumasına və vaxtından əvvəl tökülməsinə səbəb olur. Mübarizə tədbirləri: sürfələri payızda torpaqda qışladığı üçün bitkilərin gövdə ətrafının bellənməli bu zərərvericilərin müəyyən qədər məhvinə səbəb olur. Kütləvi uçuş dövründə (aprel-may) 0.2%-li Bi-58, təsiredici            maddəsi 250  q/lt      Carbosulfan  olan  preparatları      və        s. insektisidlərin çilənməsi məqsədəuyğundur.

Qızılağac yarpaqyeyəni və ya yarpaqyeyən böcək (Altica brevicollis Foudras) 4-6 mm böyüklükdə olub, parıltılı qara-mavi bənövşəyi rəngə çalır, başı və ətrafları qara rəngdədir, xəzəl altında qışlayır, cavan yarpaq və zoğlarla qidalanır. Yarpaqları zədələyərək əvvəlcə deşik açır, sonra tamamilə yeyərək skletləşdirir. Yarpaqların ancaq tor şəklində damarları qalır.May ayının 1-ci yarısında dişi böcəklər yarpaqların üzərində 15-20 ədəd yumurta qoyurlar, ayın sonuna isə sürfələrin kütləvi çıxışı müşahidə edilir. Yumurtadan çıxan sürfələr yarpaq üzərində inkişaf edirlər yarpaq toxuması ilə qidalanır, 30-35 gün son torpaqda puplaşırlar. İyul ayının əvvəllərində puplardan yeni nəsil böcəklər əmələ gəlir və 2-3 gündən sonra yenidən yumurta qoyurlar. Puplardan çıxan 2-ci nəsil böcəklər xəzəlin altında qışlayırlar.Bu həşəratlarla sirayətlənmə nəticəsində, bitkidə fotosintez prosesi zəifləyir, cavan pöhrələrə daha çox ziyan dəyir. Mübarizə tədbirləri: böcəklər xəzəlin altında qışladığı üçün, xəzəlin toplanaraq ərazidən təcrid edilməsi, bitkilərin gövdə ətrafının bellənməsi bu zərərvericilərin müəyyən qədər məhvinə səbəb olur. Kütləvi uçuş dövrü

may ayına təsadüf etdiyinə görə, bu dövrdə 0.2%-li Bi-58, Danadim Exspert 0,8-1,0 kq/ha, Bye-Bye 2,0-2,5 l/ha preparatları və s. insektisidlərin çilənməsi məqsədəuyğundur.

Akasiya yalançı çanaqlı yastıcası- (Parthenolecanium corni Bouche) Zaqafqaziyada kütləvi sürətdə yayılan zərərvericilərdir. Bunlar 3-6 mm uzunluğunda, qabarıq şəkilli, ellepsvari, şabalıdı qırmızımtıl rəngli həşəratlardır. Tək və qrup şəklində nazik budaqlar üzərində yaşayırlar. Dişi yastıcalar 2000-ə qədər yumurta qoya bilirlər, ildə 1 nəsil verirlər. Onlar əvvəlcə yarpaqları sormaqla qidalanırlar, yayın axırına isə cavan zoğlara, budaqlara keçərək burada qışlayırlar. Yastıcaların təsirindən bitkilərin yarpaqlarının rəngi solur və vaxtsız tökülməsinə səbəb olur. Yastıcalar olan yerlərdə göbələk xəstəlikləri əmələ gəlir və həmin zədəli hissələr qara qatla örtülür. Zədələnən kolların inkişafı zəifləyir, məhsuldarlıq aşağı düşür. Yüksək dərəcədə zədələnən kollar tədricən quruyaraq, bəzi hallarda isə tamamilə məhv olmasına səbəb olur. Bu zərərvericilər sıx, baxımsız qalan bağlarda daha çox yayılırlar. Sürfələr qabıqların yarıqlarına, ştambın əsasında qışlayırlar. Mübarizə tədbirləri: bağlarda budama, seyrəltmə, cavanlaşdırma işləri aparılmalı, zədəli budaqlar sahədən təcrid edilməlidir. Yazda və yayda yastıcaların sürfələrinə qarşı Danadim Expert 0,8-2,0 kq/ha, Dişans EK 0,8-1,9 l/ha dərman preparatları çilənməlidır.

Qəhvəyi mərmər bağacığı (Halymorpha halys Stal)- son illər fındıq bağacığı ən təhlükəli karantin zərərvericilərdən hesab edilir. Qonşu Gürcüstan respublikasının təsərrüfatlarına qısa müddətdə xeyli ziyan vurmuşdur. Polifaq zərərverici olan bu həşəratlar 150-dən artıq fərqli bitkiyə ziyan vurur. Qəhvəyi mərmər bağacığı ölçüsü 12-17 mm, qəhvəyi rəngli, üzərində ləkələr olan, bədəni azacıq yastı qalxan şəkilli olan, 20-30 ədəd yumurta qoyan zərərvericidir. Ilin iqlim şəraitindən asılı olaraq 1-2 nəsil verir. Bu taxtabitilər yaz aylarında bitkinin tumurcuqları ilə, payıza doğru isə hələ tam formalaşmamış meyvələr şirəsi ilə qidalanır ki, bu da ləpənin inkişafının dayanmasına, qaralmasına, keyfiyyətsiz olmasına və məhsuldarlığın əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Bu həşəratlar özünü müdafiə məqsədilə xüsusi qoxu ifraz etdiyinə görə “iyli böcək” də deyilir.Bu böcəklərə əsasən insanlara yaxın olan yerlərdə, fərdi yaşayış evlərinin damında, saraylarda daha çox təsadüf edilir. Qəhvəyi mərmər bağacığının yetkin fərdləri və sürfələri yük daşımaları, nəqliyyat vasitələri, avadanlıqlar, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və digər vasitələrlə yayılır. Eyni zamanda yetkin fərdləri təbii yolla (uçmaqla) 35-100 km-dək məsafə qət edə bilirlər.  Zərərvericilərin inkişafı üçün optimal temperatur +25-270C hesab edilir. Ona görə də bölgəmizin dağətəyi deyil, aran ərazilərində daha çox yayılmışdır. Həşəratlar qışlama dövründən sonra passiv dövrünü bitirir və aprel ayının axırından başlayaraq, yaz-yay aylarında aktiv həyat tərzinə keçirlər. Mübarizə tədbirləri: zərərvericilərin passiv olan payız-qış aylarında əl ilə yığılması, aktiv dövrlərində yaz aylarında isə aldadıcı yapışqan və cəlbedici ətirli məhlul tökülmüş (qərənfil, nanə və s.) feromon tələlərin asılması və insektisidlərlə mübarizə aparılması daha məqsədəuyğundur. Kimyəvi mübarizə kütləvi şəkildə aparılmalı, lakin həmin ərazidən xeyirli həşəratlar (arılar) uzaqlaşdırılmalıdır. Bu zərərvericilər digər həşəratlara nisbətən pestisidlərə qarşı həssas olmasalar da, müəyyən olnmuşdur ki, Deltametrin, Bifentrin və Alfa supermetrin tərkibli insektisidlər bu bağacığa qarşı ən səmərəli vasitədir.

Amerika ağ kəpənəyi (Hyphantria cunea Drury)- ağ rəngdə kəpənəkdir, erkək fərdlərin üzərində qara rəngli nöqtələr olur. Qışlama dövründən sonra, iyun ayının 1-ci dekadasında puplardan uçan kəpənəklər yarpaq ayasının üzərinə və altına koloniya halında 0,5-0,6 mm ölçüdə yumurtalar qoyur. Yumurtadan çıxan tırtıllar hörümçək toru  kimi  kirli  ağ  rəngdə  yuva quraraq fındıq budaqcıqlarını bir-birinə birləşdirirlər. Yarpaq ayasını ancaq torşəkilli damarları qalanadək yeyirlər. Bu da yarpaqlarda fotosintez prosesinin zəifləməsinə, budaqların qurumasına, məhsuldarlığın kəskin aşağı düşməsinə və məhsulun keyfiyyətsiz olmasına səbəb olur. Zərərvericilərin inkişafı üçün optimal temperatur +270C hesab edilir. Ona görə də hava quraq keçən illərdə daha çox inkişaf edir və bölgəmizin dağətəyi deyil, isti aran ərazilərində kütləvi müşahidə edilir. Mübarizə tədbirləri: İlk növbədə zərərverici ilə sirayətlənən budaqlar kəsilərək sahədən təcrid edilməlidir. Kimyəvi mübarizə iyul-avqust aylarında yumurtalardan tırtıllar tamamilə çıxdıqdan sonra, təsiredici maddəsi Emamektin benzoate, Fnoksikarb olan dərman preparatlarından biri ilə çiləmə aparılması tövsiyə olunur.

Gəmiricilər, quşlar, iri heyvanlar - cavan fındıq bağlarına əsas həşəratlar ziyan vurur. Bar verən bağlarda isə həşəratlarla yanaşı, məhsulun  20-30%-ni  quşlar ( qarğa, zığ-zığ, zağca) və gəmiricilər ( siçan, siçovul, dələ, sincab, porsuq, yereşən, yenot, gəlikcik), iri heyvanlar (çaqqal, it, çöl donuzu, ayı və s) məhv edirlər. Fındıq məhsulunu hətta ev heyvanları qoyunlar, hind toyuqları da həvəslə yeyirlər.Mübarizə tədbirləri: ev heyvanlarının, mal-qaranın həmin sahəyə getməməsini nəzarət etmək şərti ilə, gəmiricilərə qarşı bitki mühafizəsinin mexaniki mübarizə üsulu olaraq, aldadıcı zəhərli yem qoyulması məhsul yığımından sonra aparılır ki, bu zaman zəhərli maddələrin istifadəsi nisbətən qorxusuzdur. Gəmiricilərin yuvalarına aldadıcı zəhərli yem: 100q bişmiş buğda + 20q sinkfosfid + 20q bitki yağı qarışdırılaraq qoyulmalı və ya tələlərdən istifadə edilməlidir.

Xəstəlik və zərərvericilərə qarşı xalq təbabəti vasitələri- Hələ qədimdən, xalq təbabətində bitki xəstəlikləri və zərərvericilərinə qarşı profilaktik olaraq, daha yüngül infeksiyalar zamanı təhlükəsiz üsullardan istifadə edilirdi: Sarımsaq dəmləməsi- 200 q əzilmiş sarımsağı 10 litr suya tökərək, 24 saat dəmlənilir və hər 10 gündən bir çiləmə aparılır. Ağac külü- Torpağın turşuluğunu azaltmaq üçün kolun ətrafına ağac külü (1 m2-ə 200 q) səpilir. Tütün məhlulu- bitkinin gövdəsi və yarpaqları iti alətlə doğranılır və çənə doldurulur. Üzərinə hər 500q doğranmış tütünə 10 litr olmaqla su əlavə edilir. 2 sutka ərzində, müntəzəm qarışdırılaraq saxlanılır. Sonra süzülərək, dibindəki çöküntü sıxılır. Əldə edilmiş mayeyə 10 litr su əlavə edilir. Məhlulun daha təsirli olması üçün ona 50 q təsərrüfat sabunu əlavə edilir. Həmin məhlulun tərkibində təqribən 0.05-0.1% nikotin maddəsi olur ki, bu da xəstəlik və zərərvericilərə sirayətlənmiş bitkilərin mühafizəsində istifadə edilir. Əsasən gənə, güvə, mənənələr və s. məhv edilməsində çox müsbət nəticə verir. Bağ məlhəmi- budama zamanı donvurmanın qarşısını almaq məqsədilə, zədələnmiş yerə sürtmək üçün xüsusi məlhəm hazırlanır. Bağ məlhəmi bir neçə üsulla hazırlanır: 1) 3 hissə qaynamış günəbaxan yağına, 1 hissə (3:1) dəmir oksidi və gil qarışığından ibarət olan təbii mineral piqment- oxra tozu qarışdırmaqla hazırlanır. 2) 2 kq mis kuporosunu (CuSO4 5H2O) 24 l suda həll edərək, üzərinə 4 kq sönmüş əhəng əlavə etməklə hazırlanır. 3) 1 hissə günəbaxan yağına, 2 hissə kanifol (qətran) və1 hissə (1:2:2) təbii mum qarışdırıb vam odda qaynadaraq bişirməklə hazırlanır. məhlul qatılaşdıqdan sonra oddan götürülür və soyuduqdan sonra istifadə edilir. 4) 1:1:1 nisbətdə qətran, mum və piy qarışdırılaraq hazırlanır. 5) 90% neft emalından əldə edilən mineral yağ qarışığı olan və vazelin kimi istifadə edilən- petrolatum və 10% parafin mumunu qarışdırmaqla hazırlanır.

Cədvəllər:Fındıq sortlarının pöhrəvermə qabiliyyəti, xəstəlik və zərərvericilərə davamlılığı, Fındıq sortlarının ölçüləri və çəkisi, Fındıq sortlarının yetişmə tarixi, məhsuldarlıq və ləpə çıxımı, Fındıq sortlarının kimyəvi tərkibi, Fındıq sortlarının fenoloji müşahidələri, Erkək və dişi çiçəklərin fəal dövrü və tozlanma müddəti

Zaqatala Elmi Təcrübə Bazasının elmi və təsərrüfat fəaliyyətində rolu olmuş keçmiş işçilər haqqında məlumat- Qazızadə Fateh Nurulla oğlu, 1917-ci ildə Azərbaycan Respublikasının Zaqatala şəhərində anadan olmuşdur. 1933-1936-cı illərdə Zaqatala Kənd Təsərrüfatı Texnikumunu bitirdikdən sonra, təhsilini 1937-ci ildə Simferopol Kənd Təsərrüfatı İnstitutunda davam etdirmiş, 1941-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna keçid edərək, 1942-cı ildə həmin İnstitutun aqronomluq fakultəsini “alim aqronom” ixtisası üzrə bitirmişdir.  1955-1957–ci illərdə “Meyvəçilik” ixtisası üzrə dissertasiya işini müdafiə edərək kənd təsərrüfatı elimləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 1969-cu ildən Zaqatala Fındıqçılıq Sovxozunda direktor vəzifəsində işləmiş, 1980-1992-ci illərdə əmək fəaliyyətini AzETBvəSBİ- də davam etdirərək, qərzəkli meyvə bitkilərinin seleksiyası və sortöyrənməsi istiqamətində elmi-tədqiqat işləri aparmışdır. Sevimli qızının şərəfinə adlandırdığı “Nailə” yunan qozu sortunun, həmçinin “Camal”, “İlqar”, “Faldar” sortlarının müəllifidir. 46 yunan qozu və 106 fındıq sortlarından ibarət kolleksiya bağlarının yaradıcısıdır və hal-hazırda bu bağlar Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun Zaqatala Elmi Təcrübə Bazasında genofond olaraq qorunub saxlanılır. Dəfələrlə kənd təsərrüfatının inkişafinda nailiyyətlərinə görə “Gümüş” və “Bürünc” ordenlərlə, “Fəxri Fərman”larla təltif edilmişdir. Görkəmli elm xadimi F.N.Qazızadə 1993- cü ildə vəfat etmişdir. Bojko Nina Vikrorovna, biologiya elmləri namizədi, 04.08.1959-cu ildən 1989-cu ilədək Azərbaycan Elmi Tədqiqat Bağçılıq və Subrtopik Bitkilər İnstitutunun (indiki MÇETİ) Zaqatala Dayaq Məntəqəsində baş elmi işçi vəzifəsində işləmişdir. Subtropik və qərzəkli meyvə bitkilərinin elmi əsaslarla öyrənilməsi, becərilmə aqrotexnologiyası, sortöyrənmə və seleksiya istiqamətində elmi fəaliyyəti danılmazdır. Qədirov Abdusalam Balabəy oğlu, 15.05.1920-ci ildə Zaqatala rayonu Aşağı Tala kəndində anadan olmuşdur. 1936- 1938-ci illərdə Zaqatala Kənd Təsərrüfatı Texnikumunda təhsil almışdır. 22.03.1969-cu ildən 15.01.1976-cı ilədək Azərbaycan Elmi Tədqiqat Bağçılıq və Subrtopik Bitkilər İnstitutunun (indiki MÇETİ) Zaqatala Dayaq Məntəqəsinin direktoru vəzifəsində işləmişdir. A.B.Qədirov, Respublikamızda geniş yayılan   “Gülşən”   alma   sortunun müəllifidir və bu sortu sevimli qızı Gülşənin şərafinə adlandırmışdır. 82 yaşında 2002-ci ildə vəfat etmişdir. Adıgözəlov Hacəli Oruc oğlu, 22.12.1928-ci ildə Masallı rayonunda anadan olmuşdur. 1948-1950-ci illərdə Meşə Təsərrüfatı Nazirliyinin Bakı Meşə Texnikumunun “meşə təsərrüfatı” fakultəsini bitirmişdir. 1950-1955-ci illərdə Moskva Meşə Təsərrüfatı İnstitutunda təhsil almışdır. 1972-ci ildə “Böyük Qafqazın Cənub yamaclarında (Azərbaycan SSP ərazisində) yüksək dağ palıd meşələri və onların bərpa edilməsi yolları”  mövzusu  üzrə  dissertasiya müdafiə edərək, biologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 1976-ci ildən 03.08.1988-ci ilədək Azərbaycan Elmi Tədqiqat Bağçılıq və Subrtopik Bitkilər İnstitutunun (indiki MÇETİ) Zaqatala Dayaq Məntəqəsinin direktoru vəzifəsində işləmişdir. Məntəqənin elmi və təsərrüfat fəaliyyətinin inkişafında rolu böyük olmuşdur. Görkəmli elm xadimi, dəyərli insan Hacəli Abıgözəlov 25.09.1988-ci ildə vəfat etmişdir. Rəcəbov Rəcəb Murtuzəli oğlu, 1941-ci ildə Zaqatala rayonunda anadan olmuşdur. 1962- 1966-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “meyvə-tərəvəzçilik və üzümçülük” fakultəsində təhsil almışdır. 03.05.1971-ci ildən 30.07.2000-ci ilədək Azərbaycan Elmi Tədqiqat Bağçılıq və Subrtopik Bitkilər İnstitutunun (indiki MÇETİ) Zaqatala Dayaq Məntəqəsində aqronom, kiçik elmi işçi, baş elmi işçi vəzifələrində   işləmişdir. O cümlədən, 12.08.1988-ci ildən 17.08.1992-ci ilədək Məntəqənin direktoru vəzifəsində işləmiş, İnstitutun aspirantı olmuşdur. Feyzullayeva Gülşən Səməd qızı, 28.02.1938-ci ildə Balakən rayonun Katex kəndində anadan olmuşdur. 1959-1964-cü illərdə Bakı Yeyinti Sənayesi Texnikumunu bitirmişdir. 01.10.1975-ci ildən 30.12.2000- ci ilədək Azərbaycan Elmi Tədqiqat Bağçılıq və Subrtopik Bitkilər İnstitutunun (indiki MÇETİ) Zaqatala Dayaq Məntəqəsində mühasib vəzifəsində işləmişdir.

1972-1989-cu illər ərzində Zaqatala Bağçılıq Dayaq Məntəqəsinə təqdim edilmiş Attestatlar: 1972-1973-cü illərdə “Subtropik və qərzəkli meyvə bitkilərinin yüksək məhsuldarlığı” mövzusu üzrə, SSRİ Xalq Təsərrüfatı Sərgisində Ekspert Komissiyası tərəfindən 5 bal qiymətləndirilmiş (5 ballıq sistem ilə) fındığın “Atababa” və “Yağlı fındıq” sortlarına görə verilmiş I dərəcəli ATTESTAT; 1973-1974-cü illərdə “Subtropik və qərzəkli meyvə bitkilərinin ən yaxşı sənaye və perspektiv sortlarıı” mövzusu üzrə, SSRİ Xalq Təsərrüfatı Sərgisində Ekspert Komissiyası tərəfindən fındıq, Yunan qozu və şabalıd sortlarına görə verilmiş I dərəcəli ATTESTAT; 1984-cü ildə “Subtropik və qərzəkli meyvə bitkilərinin ən yaxşı Sovet və introduksiya edilmiş sortlarıı” mövzusu üzrə, SSRİ Xalq Təsərrüfatı Sərgisində Ekspert Komissiyası tərəfindən, fındığın Bomba, Barlı, Azəri,Topqara, Köbəkli, Tala-2, Atababa, Qalib, Unlu fındıq, Nəsimi, Şiş fındıq sortlarına görə verilmiş I dərəcəli ATTESTAT; 1988-ci ildə “Meyvə-tərəvəzçilik və kartofçuluq” sərgisində,SSRİ Xalq Təsərrüfatı Sərgisinin Ekspert Komissiyası tərəfindən, fındığın Azəri, Atababa, Gəncə fındıq, Unlu fındıq, Barlı və şabalıdın KS-1, KS-2 formalarına görə təqdim edilmiş ATTESTAT; 1989-cu ildə “Meyvə-tərəvəzçilik və kartofçuluq” sərgisində,SSRİ Xalq Təsərrüfatı Sərgisinin Ekspert Komissiyası tərəfindən Elbarı, Ataulla, Bomba, Firavan, Yağlı fındıq və Yunan qozunun İlqar sortuna görə təqdim edilmiş ATTESTAT.


 

Комментарии

Популярные сообщения